Azərbaycan, Bakı, 19 iyul /Trend/
Polşanın Katovitse şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa çempionatına start verilib. Bu barədə Trend-ə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İlk yarış günü 5 sərbəst güləşçimiz döşək üzərinə çıxıb ki, onların da hamısı medal qazanıb. 50 kq-da çıxış edən Ruslan Surxayev finalda Türkiyəli rəqibinə qalib gələrək Avropa çempionu olub. 42 kq-da Coşğun Məmmədov, 58-də Cahid Həsənzadə və 85-də Çermen Baqayev yalnız finalda uduzaraq gümüş medal qazanıb. Hər 3 güləşçimiz həlledici görüşdə Rusiyadan olan rəqibinə məğlub olub. 69 kiloqramda yarışan Şamil Sadullayev isə bürünc medala yiyələnib.
Bu gün 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.