Azərbaycan, Bakı, 2 avqust /Trend/
Bu gün XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanın cüdo yığmasının sonuncu üzvü Elmar Qasımov (100 kq) mübarizəyə qoşulub.
Trend-in məlumatına görə, 1/16 final mərhələsində cüdoçumuzun rəqibi qazaxıstanlı Maksim Rakov olub. Qasımov yuko xalı ilə görüşü qalib başa vurub.
1/8 final mərhələsində Qasımov gürcüstanlı Levan Jorjoliani ilə qarşılaşıb və bu görüşdən də yuko xalı ilə qalib ayrılıb.
Cüdoçumuz 1/4 finalda cənubi koreyalı Hi-Tae Hvanqla mübarizə aparıb. Qasımov bu dəfə Hi-Tae Hvanqa məğlub olub. Lakin təmsilçimiz bürünc medal qazanmaq şansını itirməyib.
Təcəlliverici görüşdə qüvvəsini sınayan Azərbaycan cüdoçusu burada özbəkistanlı Ramziddin Sayidovla qarşılaşıb. Qasımov ippon fəndi ilə məğlub olaraq olimpiadada mübarizəni dayandırıb.
Beləliklə, olimpiadaya 8 idmançı (6 kişi, 2 qadın) ilə yollanan cüdo yığmamızın üzvləri çıxışlarını medalsız başa vurublar.