...

Dünyanın ən çox qazanan futbol məşqçiləri kimdir?

İdman Materials 28 Noyabr 2012 17:13 (UTC +04:00)
İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi Joze Mourinyo dünyada ən çox məvacib alan məşqçidir.
Dünyanın ən çox qazanan futbol məşqçiləri kimdir?

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/

İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi Joze Mourinyo dünyada ən çox məvacib alan məşqçidir.

Trend-in məlumatına görə, Braziliyanın "Pluri Consultoria" konsaltinq agentliyinin tərtib etdiyi siyahıya əsasən, illik 15,3 milyon avro məbləğində məvacib alan Mourinyo ən bahalı məşqçidir.

Siyahıda ilk üçlüyə Fransa PSJ-sini çalışdıran Karlo Ançelotti (13,5 milyon avro) və Çinin "Quançjou" klubunu çalışdıran məşhur italiyalı məşqçi Marçello Lippi (10 milyon avro) daxildir.

İngiltərənin "Mançester Yunayted" klubunun 20 ildən çoxdur ki baş məşqçisi postunda çalışan Aleks Ferqyusson isə 9,4 milyon avroluq illik məvaciblə siyahıda 4-cüdür.

5-ci yerdə "Arsenal"ın baş məşqçisi Arsen Vengerdir. Onun məvacibi illik 9,3 milyon avrodur.

Əsasən yığma komandalarla böyük uğurlara imza atmış hollandiyalı Quus Hiddink Mahaçqalanın "Anji" futbol klubunda qazandığı 8,3 milyon avro ilə 6-cı yerdədir.

Hiddinkin keçmiş iş yeri olan Rusiya yığmasına hazırda rəhbərlik edən Fabio Kapello isə 7,8 milyon avro ilə 7-cidir.

Son illərin futbol hegemonu, İspaniya klubu "Barselona"nın hazırkı məşqçisi Tito Vilanova 7 milyon avro qazanır və braziliyalı ekspertlərin tərtib etdiyi siyahıda 8-cidir.

Bir vaxtlar İspaniya yığmasına rəhbərlik edən Xose Antonio Kamaço Çin yığmasına baş məşqçiliyə görə ildə 5,9 milyon qazanır. Bu, 9-cu göstəricidir.

Ən varlı məşqçilərin siyahısını isə İngiltərədə son illər güclü kollektivə çevrilən "Mançester Siti" klubunun baş məşqçisi Roberto Mançini (5,9 milyon avro) tamamlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti