...

Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycana səfər edəcək

İdman Materials 4 Aprel 2013 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Mehdiyev/

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikke aprelin sonunda Qiymətləndirmə komissiyası ilə birlikdə Azərbaycana rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları komissiyasının sədri, İsrail Milli Olimpiya Komitəsinin baş katibi Efraim Zinger deyib.

O qeyd edib ki, AOK rəhbərliyinin səfərinin məqsədi 2015-ci ildə Azərbaycanda baş tutacaq ilk Avropa Oyunlarının keçiriləcəyi məkanları və tarixləri müəyyənləşdirmək, yaradılan şəraitlə yaxından tanış olmaqdır.

Zinger əmin olduğunu vurğulayıb ki, Azərbaycan bu oyunlara yüksək səviyyədə ev sahibliyi edəcək.

O, həmçinin güləşin Olimpiya Oyunları sıralarında qalıb-qalmaması barədə məsələyə toxunub. Onun sözlərinə görə, bu məsələ barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin sentyabrda Argentinada keçiriləcək konqresi zamanı veriləcək.

"Biz çalışacağıq ki, güləş Olimpiya Oyunları sıralarında qalsın", - Zinger deyib.

O, həmçinin qeyd edib ki, Azərbaycan ilə İsrail arasında digər sahələrdə olduğu kimi, idman sahəsində də sıx əlaqələr mövcuddur. Zinger vurğulayıb ki, Azərbaycan Olimpiya Oyunlarına İsraildən sonra qoşulsa da, hazırda Azərbaycanın Olimpiya Oyunlarında qazandığı medalların sayı İsrailin qazandığı medalların sayından çoxdur. Bu baxımdan Azərbaycanın idman sahəsindəki təcrübəsi İsrail üçün nümunə ola bilər.

Azərbaycana səfəri zamanı Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və digər qurumlarda görüşlər keçirdiyini deyən Zinger bildirib ki, səfərin məqsədlərindən biri Azərbaycan ilə İsrail arasında idman sahəsində əlaqələri daha da genişləndirməkdir.

Qeyd edək ki, sabah Bakıda Olimpiya Oyunları komissiyasının 16 üzvünün iştirakı ilə illik toplantısı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti