Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/
Bakıda keçiriləcək İdman Dırmanması üzrə Dünya kuboku yarışlarına hazırlıq məqsədilə xarici mütəxəssis master klass dərsləri keçib.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Bakıya gəlmiş Beynəlxalq İdman Dırmanması Federasiyasının dünya münsiflərinin prezidenti Markus Fillafer 22-23 iyun 2013-cü il tarixlərində Bakıda keçiriləcək İdman Dırmanması üzrə Dünya kuboku yarışlarına hazırlıq məqsədilə yerli hakimlərə, təlimçilərə və idmançılara master klass dərsləri keçib.
Dünya kuboku yarışının yüksək səviyyədə təşkil olunması və yerli hakimlərin beynəlxalq dərəcəli yarışlara hazırlanması məqsədilə "ClimBaku" İdman Dırmanması Mərkəzində qayayadırmanma idman növü üzrə keçirilən təlimin ilk günündə Markus Fillafer ümumi qonaqların qarşılanması, yarış yerinin quruluşu, hakimlik işinin təşkili və s. məsələlərə aid təlim iştirakçılarına ətraflı məlumat verib. İkinci gün isə hakim əsasən sığortaçılara aid praktiki təlim keçib.
Qeyd edək ki, master klass dərslərində 40-a yaxın hakim, volonter və idmançı iştirak edib. İki gün davam edən nəzəri və praktiki dərslər, mütəxəssis və hakimlər arasında sual-cavablarla yekunlaşıb.
Təlim dərslərinin sonunda Markus Fillafer tərəfindən ən təcrübəli hakimlərə (sığortaçılar, xronometristlər, izolyasiya və tranzit sektorun hakimləri, starter ) FAİREX-in sertifikatları təqdim olunub.