...

Veloparkda Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışları keçirilibn (FOTO)

İdman Materials 15 İyun 2013 15:56 (UTC +04:00)
İyunun 15-də Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Səbail rayonunda Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə yerləşən Velosiped parkında Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışları keçirilib.
Veloparkda Milli Qurtuluş Gününə həsr olunmuş  velosiped yarışları keçirilibn (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend/

İyunun 15-də Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Səbail rayonunda Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə yerləşən Velosiped parkında Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışları keçirilib. Tədbirə 500 nəfərdən çox velosipedçi qatılmışdır. Bu barədə şənbə günü Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumatda deyilir.

Əvvəlcə 7-12 yaş arası uşaqlar arasında vaxt ilə fərdi ötüşmə keçirilmişdir. Sonra həvəskar qızlardan ibarət dəstə qrup ötüşməsinə qatılmışdır. Daha sonra həvəskar velosipedçilər arasında fərdi ötüşmə ilə bayk (mountain bike) və şosse yarışması da keçirilmişdir.

Bundan sonra 15 yaşlı uşaqlar (U15), gənclər (U17) və elit qruplar (U23) yarışa qatılmışlar. U15 qrupuna daxil olan idmançılar 5.5 km, gənclər qrupu 15.5 km, elit qrup isə 29.6 km məsafə qət etmişlər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Xatırladırıq ki, yeni yaradılmış Velopark ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçən əsrin 70-ci illərində salınmış yaşıllıq ərazidə yaradılmışdır. Parkın ərazisində ciddi yenidənqurma işləri aparılmış, burada 20 minə yaxın eldar şamı, sərv, müxtəlif bəzək ağacları və kollar əkilmişdir. Parkda köhnə və yeni salınmış sərt döngəli yollar asfaltlanmış, dağ velosiped idmanının (mountain bike) inkişafı üçün xüsusi yollar çəkilmişdir.

Velopark həm peşəkar velosiped yarışlarının, həm də təlim-məşq toplantılarının keçirilməsi, habelə Bakı sakinlərinə burada müxtəlif idman növləri, yaxud ailəvi aktiv istirahətlə məşğul olması üçün hər cür şəraitə malikdir.

Parkın salınması ölkəmizdə velosiped idmanının kütləviləşdirilməsi və populyarlaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin tərkib hissəsi olmaqla, eyni zamanda, paytaxtın əsas girişlərindən biri olan Salyan şosesinin ətrafına təmamilə yeni bir görkəm vermişdir.

Velosiped idmanının ölkəmizin peşəkar idman növləri arasında yer almasının daha bir göstəricisi bu yaxınlarda Azərbaycanın ilk peşəkar velosiped komandasının - "Synergy Baku Cycling Project" - yaradılması olmuşdur. Məqsəd ölkəmizin ilk peşəkar klubunu formalaşdırmaqla beynəlxalq yarşlarda iştirak etmək, bununla da ölkəmizdə velosiped idman növünə marağın artırılmasına nail olmaqdır. Komandamız artıq bir çox beynəlxalq yarışlarda uğurlu nəticələr də göstərmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti