...

Azərbaycan idmançısı Universiadanın qalibi oldu (FOTO)

İdman Materials 9 İyul 2013 22:41 (UTC +04:00)
Kazanda keçirilən XXVII Yay Universiadasında bu gün Azərbaycan idmançıları qızıl medal qazanıblar.
Azərbaycan idmançısı Universiadanın qalibi oldu (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Kazanda keçirilən XXVII Yay Universiadasında bu gün Azərbaycan idmançıları qızıl medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ağırlıqqaldırma yarışlarında Firudin Quliyev 69 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub. İdmançımız birdən qaldırmada 142 kq, təkanla qaldırmada 181 kq ağırlığı ram edərək, 323 kq nəticə ilə Universiadanın qalibi olub.

Qeyd edək ki, F.Quliyev təkanla qaldırmada Universiadanın rekordunu da yeniləyib.

Bu çəki dərəcəsində gümüş və bürünc medalları, müvafiq olaraq, İran idmançısı Cabir Bəhruzi (147 kq + 174 kq = 322 kq) və fransalı Matam Kinqu (140 kq + 175 kq = 315 kq) qazanıblar.

69 kq çəkidə yarışan digər idmançımız Yuri Dudoqlo ümumilikdə 298 kq (133 kq + 165 kq) nəticə ilə 7-ci yeri tutub.

Mükafatlandırma mərasimindən dərhal sonra F.Quliyev deyib: "Düzü, mən qızıl medal qazanacağıma inanmırdım. Əlbəttə, bura medal qazanmaq arzusu ilə gəlmişdim. Lakin Universiadanın qalibi olacağıma inanmırdım. Amma yarış vaxtı hiss etdim ki, rəqiblərimdən daha ağırını qaldıra bilirəm və uğur qazanacağam. Dövlətimə, məşqçilərimə, federasiyamıza minnətdaram ki, bir idmançı kimi hazırlanmağıma hər bir şərait yaradılıb".

Yığma komandamızın baş məşqçisi Zlatan Vanev bildirib: "Firudin bu qələbəyə layiq idmançıdır. Məşqlərdə intizamı və məsuliyyəti ilə seçilir. Nə deyə bilərəm? Dünən bir gümüş qazanmışdıq. Bu gün isə qızıl medala yüksəldik. Mən bu gün burada özümü Universiadanın ən xoşbəxt məşqçisi hesab edirəm".

Qeyd edək ki, bundan əvvəl 58 kq çəki dərəcəsində mübarizə aparan ağır atletika yığmamızın üzvlərindən biri Kristina Yovu ümumilikdə 226 kq (100 kq + 126 kq) nəticə göstərərək gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti