...

Azərbaycan ağırlıqqaldıranları qızıl medalların sayını ikiyə çatdırıblar (ƏLAVƏ OLUNUB)

İdman Materials 24 Sentyabr 2013 02:25 (UTC +04:00)
Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı start götürüb.
Azərbaycan ağırlıqqaldıranları qızıl medalların sayını ikiyə çatdırıblar (ƏLAVƏ OLUNUB)

İlk xəbər sentyabrın 23-də, saat 19:38-də yayılıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçirilir.

Bu gün Azərbaycan yığması üçün çox uğurlu alınıb. 23 yaşa qədər oğlanlar arasında Yuri Dudoqlo 62 kq çəki dərəcəsində qızıl medal qazanıb. Ondan sonra isə körpücük üzərinə Elxan Əliquluzadə çıxıb. 18 yaşlı idmançı 20 yaşa qədər oğlanlar arasında 69 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, birdən qaldırma hərəkətində Elxan əvvəlcə 130 kq-ı ram edib. İkinci yanaşmasında 135 kq sifariş verən Əliquluzadə bu çəkinin də öhdəsindən gəlib. Üçüncü yanaşmasındakı 137 kq-a güc gələ bilməyən atletimiz bu hərəkətdə ikinci yeri tutub.

Təkanla qaldırma hərəkətində isə atletimiz daha uğurlu çıxış edib. Əvvəlcə 160, sonra isə 166 kq-ı ram edən Əliquluzadə bu hərəkətdə qızıl medalı təmin edib. Ancaq ümumi çempionluq üçün bu yetərli deyildi. Gürcü rəqibi Şota Mişvelidze birdən qaldırma hərəkətində ondan 8 kq artıq qaldırdığından Elxan bunun əvəzini təkanla qaldırmada çıxmalıydı. Üstəlik, şəxsi çəkisinin gürcüdən çox olması atletimizin işini daha da çətinləşdirib. Belə olan halda lənkəranlı gənc ağırllıqqaldıranımız çempionluq üçün rəqibindən 9 kq çox çəki qaldırmağa məcbur olub və bu işin öhdəsindən layiqincə gəlib.

Mişvelidzenin 165 kq-ına 174 kq-ı ram etməklə cavab verən Elxan Əliquluzadə cəmi 309 kq (135 kq + 174 kq) nəticə ilə qızıl medal qazanaraq Avropa çempionu olub.

Qeyd edək ki, Elxan ötən il yeniyetmələr arasında Avropa birincliyində bürünc medala yiyələnmişdi.

***

23 sentyabr, 19:38

Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi start götürüb.

Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, artıq bu gün azərbaycanlı ağır atletlərdən biri - 23 yaşa qədər oğlanlar arasında mübarizə aparan Yuri Dudoqlo uğur qazanıb. O, 62 kq çəki dərəcəsində qızıl medala layiq görülüb.

Birdən qaldırma hərəkətinə Yuri 125 kq-la başlayıb. Bu çəkini uğurla ram edən atletimiz ikinci yanaşmasında 130 kq-ı da başı üzərinə qaldıra bilib. Ancaq üçüncü yanaşmasında 132 kq-a güc gələ bilməyən Dudoqlo bu hərəkətdə ikinci olub.

Təkanla qaldırma hərəkətində isə hər şey qaydasında gedib. Yuri ilk cəhdində qaldırdığı 155 kq-la qızıl medala doğru böyük addım atıb. İkinci yanaşmasında 156 kq-ı da ram edən atletimiz üçüncü cəhddə 159 kq-ı qaldıra bilməsə də birinci ola bilib.

Beləliklə, cəmi 286 kq (130 kq + 156 kq) nəticə göstərən gənc ağırlıqqaldıranımız Avropa çempionu adını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti