...

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinə üzv seçilib (FOTO)

İdman Materials 23 Noyabr 2013 00:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Noyabrın 22-də Romada Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasının iclasının açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, iki gün davam edəcək Assambleyada iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva, "Bakı - 2015" Avropa Oyunlarının Əməliyyat Şirkətinin icraçı direktorunun müavini Cim Şerr və başqaları daxildirlər.

İclasın açılışında məruzə ilə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Assambleyanın gündəliyi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, idman dünya xalqları arasında həmrəyliyin və dostluq əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyətə malik olan bir sahədir. İnsanların cəmiyyətdə üzləşdiyi bir sıra problemlərin həlli baxımından beynəlxalq idman qurumlarının üzərinə böyük məsuliyyət düşür.

Tədbirdə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki rəhbərlik etdiyi qurumun son illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışmışdır. O, tarixdə ilk dəfə 2015-ci ildə Azərbaycanda baş tutacaq Avropa Oyunlarının əhəmiyyətinə toxunmuşdur. Ölkəmizin bu oyunlara hazırlığını yüksək qiymətləndirən Avropa Olimpiya Komitəsinin prezidenti bildirmişdir ki, "Bakı - 2015" Avropa Oyunları nəinki Avropa qitəsində, eləcə də bütün dünyada idmanın inkişafına töhfə verəcək və tarixə mühüm idman yarışı kimi düşəcəkdir.

Dünyada Olimpiya həmrəyliyinin artırılmasının vacibliyini vurğulayan Avropa Olimpiya Komitəsinin baş katibi Rafael Paqnozzi bu istiqamətdə "Bakı - 2015" Oyunlarının əhəmiyyətini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Olimpiya hərəkatında mühüm hadisə sayılan bu tədbirə Azərbaycanda yüksək səviyyədə hazırlıq işləri aparılır.

Avropa Olimpiya Komitəsinin əvvəlki toplantısının protokolunun təsdiq olunduğu tədbirdə qurumun büdcə, maliyyə və digər məsələləri barədə məruzələr dinlənilmiş, 2014-cü il üçün büdcə təsdiq olunmuşdur. Eyni zamanda, tədbirdə Avropanın kiçik dövlətlərinin iştirakı ilə keçiriləcək XV Oyunların hesabatı, Avropa Gənclərinin Olimpiya festivallarının XI Qış və XII Yay buraxılışlarına dair yeniliklər, "Soçi - 2014" Qış Olimpiya Oyunları, "Rio - 2016" Yay Olimpiya Oyunları, "Pyeonçang - 2018" Qış Olimpiya Oyunları və 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları ilə bağlı təqdimatlar olmuşdur.

Günün ikinci yarısında Assambleyada bir sıra məsələlər, o cümlədən dünyanın bəzi ölkələrində gələcəkdə keçiriləcək müxtəlif idman yarışlarına hazırlıq, idmançıların sosial məsələlərinin həlli ilə bağlı görülən tədbirlər müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Olimpiya Oyunları yarandığı dövrdən etibarən sülh və həmrəylik rəmzi hesab olunmuş, dünya xalqları arasında daha sıx əlaqələrin qurulmasına önəmli töhfələr vermişdir.

Sonra 2013-2017-ci illər üzrə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə prezident, vitse-prezident, baş katib, xəzinədar və üzvlər seçilmişdir. İlk dəfə olaraq Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv qəbul edilmişdir.

Tədbir çərçivəsində Avropa Olimpiya Komitəsinin növbəti, 43-cü Baş Assambleyasının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Qərarla bağlı sənədi Çingiz Hüseynzadə, Patrik Hikki və Rafael Paqnozzi imzalamışlar.

Tədbirin son günü - noyabrın 23-də "Bakı - 2015" Avropa Oyunlarının təqdimatı olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti