Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.İsmayılov/
Vüqar Həşimov adının əbədiləşdirilməsinə layiqdir. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.
O bildirib ki, Azərbaycanda şahmatın inkişafında V.Həşimovun əvəzsiz töhfələri var: "Sabah Vüqar Həşimovla vida mərasimi keçiriləcək. Onun adının əbədiləşdirilməsi məsələsinə dövlət səviyyəsində baxılacaq. Vüqar Həşimov buna layiqdir".
Qeyd edək ki, istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra yanvarın 11-də dünyasını dəyişib.
V.Həşimov FIDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı. 2002, 2004, 2006 və 2008-ci illərin şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdi.
Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il şahmat olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən "Recco-Emiliya" şahmat turnirinin qalibi olmuşdu.