Azərbaycan, Bakı, 13 mart /Trend/
Bu gün Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı "Olimpik Star" İdman Əyləncə Kompleksində stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında (1996-98, 99-cu il təvəllüdlü və daha azyaşlılar) Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.
Federasiyadan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin böyük diqqəti nəticəsində Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini, ölkəmizdə müasir idman infrastrukturunun yaradıldığını, gənclərin idmana olan marağını və həvəsini artırmaq üçün davamlı olaraq tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinin keçirilməsi də ölkədə idmana göstərilən dövlət qayğısının göstəricisidir.
Mərasimdə Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi İbrahim Əfəndiyev çıxış edərək yarışın keçirilməsi qaydaları barədə məlumat verib, yarış iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan dövlət himninin səsləndirilməsindən sonra stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib. Yarışda Bakı və Sumqayıt şəhərlərinin komandaları ilə yanaşı, Gəncə, Şəki, Qax, Gədəbəy, Samux, Salyan, Şabran və Siyəzəndən olan komandalar da iştirak edirlər.
Yarış komanda, şəxsi, qoşa, qarışıq-qoşa dərəcələrdə və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Yarışın keçirilməsində məqsəd bu ilin iyul ayının 11-dən 20-dək İtaliyanın Riva-Del-Qarda şəhərində gənclər və yeniyetmələr arasında keçiriləcək Avropa birinciliyində iştirak edəcək idmançını müəyyən etməkdir.
Yarışlar martın 17-də başa çatacaq və diplom və pul mükafatları təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Stolüstü Tennis İdman Federasiyasının 2014-cü il fevralın 27-də keçirilmiş yığıncağında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev federasiyanın prezidenti seçilib.