...

Vüqar Həşimovun xatirəsinə həsr olunan Beynəlxalq şahmat turnirinin iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)

İdman Materials 18 Aprel 2014 16:27 (UTC +04:00)
Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2014” Beynəlxalq şahmat turnirinin iştirakçıları, eləcə də Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və "Synergy Group"un rəhbərliyi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Vüqar Həşimovun xatirəsinə həsr olunan Beynəlxalq şahmat turnirinin iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess-2014" Beynəlxalq şahmat turnirinin iştirakçıları, eləcə də Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və "Synergy Group"un rəhbərliyi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Sonra II Fəxri xiyabana gələn Beynəlxalq şahmat turnirinin iştirakçıları məşhur qrossmeyster V.Həşimovun xatirəsini ehtiramla yad edib, məzarı üzərinə əklil qoyub və gül düzüblər.

Qeyd edək ki, "Synergy Group"un təşkilatçılığı ilə Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Avropa çempionu, dünyanın aparıcı şahmatçısı, mərhum V.Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri keçiriləcək. Turnir aprelin 20-də start götürəcək və 10 gün davam edəcək. Yarışın açılış mərasimi aprelin 19-da olacaq.

Trend-in məlumatına görə, artıq mötəbər yarışda iştirak edəcək ulduz şahmatçıların adı dəqiqləşib. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), beynəlxalq reytinq siyahısında 5-ci olan Fabiano Karuana (İtaliya), FİDE-nin reytinqində 7-ci mövqedə qərarlaşan Hikaru Nakamura (ABŞ), 9-cu pillədə olan Sergey Karyakin (Rusiya), o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (11-ci) Teymur Rəcəbov (34-cü) iştirak edəcək. "A" turnirinin mükafat fondu 100 min avro təşkil edir.

"B" turnirində 10 şahmatçı mübarizə aparacaq. Mükafat fondu 30 min avro olan "B" turnirində iştirak edəcək şahmatçılar bunlardır: Eltac Səfərli, Nicat Abbasov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durabəyli (hamısı Azərbaycan), Van Xao (Çin, 2734), Pavel Elyanov (Ukrayna, 2732), Etyen Bakro (Fransa, 2726), Radoslav Vojtaszek (Polşa, 2718) və bu günlərdə fərdi Avropa çempionatının qalibi olan Aleksandr Motılyov (Rusiya, 2685).

Yarışın keçirilməsində əsas məqsəd məşhur şahmatçı V.Həşimovun xatirəsini yad etmək, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"na dəstək olmaqdır.

V.Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində aprelin 20-də start götürəcək və 10 gün davam edəcək. Yarışın açılış mərasimi aprelin 19-da olacaq.

V.Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, karyerasının yüksəliş dövründə FIDE-nin siyahısında 4-cü pillədə qərarlaşıb. Bakıda keçirilən FIDE Qran-Pri turnirinin qalibi olub. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. Serbiyada keçirilən qitə birinciliyində yığmamızın son turdakı tarixi zəfərində həlledici rol oynayıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. Müxtəlif şahmat klubların heyətində Xorvatiya, Türkiyə, Rumıniya, İran, İspaniya və Moldova çempionudur. Sürətli şahmat üzrə dünya çempionatında gümüş mükafatçı olub. 72-dən çox titulun sahibi olan V.Həşimov "Kasparov Kuboku" uğrunda turnirin qalibidir. 2008-ci ildə keçirilən Şahmat olimpiadasında şəxsi göstəricilərə görə gümüş medala layiq görülüb. Ümumdünya İntellektual Oyunlarında gümüş və bürünc medalların sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti