...

Haydı, "Qarabağ", qələbəyə doğru!

İdman Materials 6 Avqust 2014 13:18 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilir. Gözlərimiz Avstriyadadır. Qitənin nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan "Qarabağ" "Zalsburq"un qonağıdır.
Haydı, "Qarabağ", qələbəyə doğru!

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Vəfa Şairova, Trend-in Azərbaycan xəbərlər xidmətinin redaktoru

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilir. Gözlərimiz Avstriyadadır. Qitənin nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan "Qarabağ" "Zalsburq"un qonağıdır.

İlk oyunda 2:1 hesabı ilə qalib gəldiyindən "Qarabağ"ın Vətənə qələbə ilə dönəcəyinə ümidlər böyükdür. Düzdür, ilk oyunda cəzalı duruma düşən Reynaldo və Admir Telinin yoxluğu komanda üçün ciddi itkidir. Lakin onları əvəzləyəcək futbolçuların bu oyuna ürəklərini qoyacağına inanmaq istərdik.

Bu gün "Qarabağ"ın qazanacağı qələbənin bir ayrı dadı olacaq. Deyirlər, idmanı siyasətə qatmaq olmaz. Amma 13 şəhid verib daha da həssaslaşdığımız bir dönəmdə bu zəfər ürəyimizə sərinlik gətirəcək. Bu qalibiyyət UEFA-nın şəhidlərimizi anmağa imkan verməməsinin təəssüfünü də unutduracaq.

Reynaldonun yoxluğunda meydana çıxmaq şansı Vüqar Nadirova düşür. O Vüqara ki, Qarabağ torpağında dünyaya göz açıb və bu gün Ağdam klubunun bu görüşdən qalibiyyətlə ayrılması üçün əlindən gələni etməlidir.

Bu qələbə həm də ona görə əhəmiyyətlidir ki, "Qarabağ" Çempionlar Liqasının III mərhələsini adlayıb pley-offa düşməklə tarix yazacaq. Qurban Qurbanovun və komandasının bu uğuru qazanacağına inamımız böyükdür. Çünki "Qarabağ" o komandadır ki, Avrokuboklarda səfərdə ilk xalı qazanıb, Azərbaycan klubları arasında avrokuboklarda ilk dəfə mərhələ keçib, Avrokuboklarda ilk səfər qələbəsini qazanıb.

"Qarabağ" həm də UEFA kubokunun xələfi - Avropa Liqasında mərhələ adlayan, Avropa Liqasında ardıcıl üç mərhələ keçən, Avropa Liqasında səfərdə üç və ya daha çox top fərqiylə qalib gələn ilk Azərbaycan komandasıdır.

Haydı, "Qarabağ", qələbəyə doğru! İlk zəfər qoy səndən gəlsin. Ardı isə Qarabağdan!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti