...

Mahir Məmmədov: Şahmat olimpiadasında da Ermənistan komandasını görməyə hazırıq (MÜSAHİBƏ)

İdman Materials 16 Oktyabr 2014 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov şahmat üzrə Bakı Qran-Pri turnirinin yekunları ilə bağlı jurnalislərin suallarına cavab verib. Trend həmin müsahibəni təqdim edir.

- Yarışın yekunu və şahmatçılarımızın çıxışı barədə nə deyə bilərsiniz?

- Əfsuslar olsun ki, Teymur 50 faizlik nəticəyə imza atdısa, Şəhriyar mənfi göstərici ilə yarışı tamamladı. Klublararası Avropa çempionatında SOCAR-ın tərkibində və olimpiadada yığmanın heyətində yaxşı oynamışdılar. 2008-də Bakıda keçirilən analoji yarışda Vüqar Həşimov ilk turlardan liderlik edirdi. Ümid edirəm ki, şahmatçılarımız növbəti turnirlərdə daha uğurlu çıxış edərlər. Turnirin təşkilatçılığına gəlincə, bütün şahmatçılar razılıqlarını bildiriblər. Onlar yaradılan şəraitdən məmnun qalıblar.

- SOCAR-ın maksimum nəticə ilə ikinci dəfə qitənin qalibi olmasından sonra komandada yerli şahmatçıların sayını artırmağı düşünürsünüzmü?

- Superklub yaradanda düşünürdük ki, heyət ancaq azərbaycanlı şahmatçılardan qurulsun. Amma gördük ki, belə alınmır. Hər komandada 8 şahmatçı olmalıdı. Fikirləşdik ki, heyətin yarısı yerlilərdən ibarət olsun. Uğur qazanmaq üçün legionerlərin daha çox olmasının vacibliyini anladıq. Bütün idman növlərində belədir. Bu prinsip uğur gətirir. İndiyədək SOCAR qatıldığı 4 Avropa Kuboku turnirinin hamısında medallar uğrunda mübarizə aparıb. Bir dəfə 2-4-cü yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə medal qazana bilməyən komandamız bir dəfə gümüş, 2 dəfə isə qızıl medalı boynundan asıb. SOCAR son illər qitənin ən sabit iddialı klubudur. Ötən il yaratdığımız "Odlar Yurdu" sırf yerlilərdən qurulub və komandanın kapitanı da bizim şahmatın yetirməsi olan israilli Emil Sutovskidir. Bu klub debütdəcə özünü göstərməyi bacardı.

- Sutovski söyləyib ki, şahmatın izləyici kütləsini artırmaq üçün marketinq xarakterli işlər həyata keçirilməli, uşaqlar üçün şou nümayiş etdirilməliydi...

- Düz deyib. Bu, bizim ağlımıza gəlməmişdi. Yaşlı nəsil şahmatı izləməklə nostalji hisslərini xatırlaya bilər. Yeniyetmə şahmatçılar isə kumirlərini canlı izləmək imkanı əldə edir. Təəssüf ki, bəzi səbəblərdən orta nəsillə bağlı problem var. Fikrimcə, uşaqlar üçün seanslar təşkil etmək, viktorinalar keçirmək məqsədəuyğun olar. Bunu gələcək üçün nəzərə alacağıq.

- Ölkəmizdə şahmatçıların uğursuz çıxış etməsi daha çox təzyiq altında olmalarından qaynaqlanır?

- Yox, mən bu fikiri yaxına buraxmıram. Şahmatda ev-səfər anlayışı yoxdur. Bu, sırf beyin oyunudu. Bu məsələni çox qabartsaz, şahmatçılarımız bu düşüncəni qəbul edəcəklər. Onlara mənfi təsir göstərə bilər.

- Gələn il yığmalararası dünya çempionatı Ermənistanda, bir il sonra isə olimpiada ölkəmizdə keçiriləcək. Bir-birinə düşmən olan ölkələrin komandalarının qarşı tərəfə səfər etməməsi ilə bağlı razılıq əldə oluna bilərmi, və ya əksinə?

- Bu, ölkələrin daxili işidir. Hər iki tərəf lazımi təminatlar verib və verəcək. Yerevana səfər haqqında düşünüb, yekun qərarımızı verəcəyik. Avropa Oyunlarına erməni idmançılar dəvət olunub və ümidvaram ki, məsələ müsbət həll olunacaq. Şahmat olimpiadasında da Ermənistan komandasını görməyə hazırıq. Yaşayarıq, görərik. Bu məsələnin sakit tərzdə müzakirə olunması belə az iş deyil.

- Bakıda təşkil olunacaq dünya kuboku və şahmat olimpiadasının baş tutacağı məkan bəllidirmi?

- Olimpiada "Kristal Zal"da keçiriləcək. Dünya kuboku haqda əlavə məsləhətləşməyə ehtiyac duyuruq. İlkin məkanın məqsədəuyğunluğu haqqında fikirləşirik. İcraiyyə Komitəsi və əməliyyat şirkəti fəaliyyət göstərir. Texniki məsələlər həllini tapmalıdır. Tədbirlər planımız hazırdır. Maliyyə mənbəyini bilirik, dövlət tərəfindən lazımi sənədlər verilib. Ancaq işə başlamaq qalıb. Başqa hər hansı çətinliyimiz yoxdur. Bizə qalan yüksəksəviyyəli təşkilatçılıqdır. Tarixdə qalacaq olimpiada keçirməliyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti