Azərbaycan, Bakı, 4 noyabr /Trend/
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Premyer Liqanın XI turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Noyabrın 2-də Premyer Liqanın XI turunun "Xəzər Lənkəran" - "Simurq" matçında "Simurq" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Neftçi" - AZAL matçının 82-ci dəqiqəsində AZAL klubunun 12 №-li futbolçusu Ramos Luis Kolon idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Qəbələ" - "Bakı" matçında isə "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 90-cı dəqiqəsində "Bakı" klubunun 21 №-li futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.