Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlkin İzzət/
Noyabrın 21-22-də Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Baş Assambleyası keciriləcək.
Milli Olimpiya Komitəsindən (MOK) Trend-ə verilən məlumata görə, Baş Assambleyada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edəcək.
Öz işinə noyabrın 21-də başlayacaq Baş Assambleyada AOK-un prezidenti Patrik Hikki, AOK-un baş katibi Rafaele Paqnozzini, BOK-un baş katibi Qunilla Lindberq, BOK-un Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro, AOK-un "Olimpiya oyunları", "Marketinq və rabitə", "AGOF", "Avropa İttifaqı", "İdman hamı ücün", "Olimpiya mədəniyyəti və irsi, "Tibb və antidopinq", "İdmanda gender bərabərliyi" və "Atletika" komissiyalarının sədrləri hesabat məruzələri ilə çıxış edəcəklər. Ümumi Assambleyada AOK Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosun Bakı-2015 haqqında məlumatı və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) hesabatı dinləniləcək.
XXXI Yay Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına (Pxenyan-2018) və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına (Tbilisi-2015) hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir. Assambleyada Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü "Pyotr Norivski" adına mükafatlar da təqdim olunacaq.
Baş Assambleyadan bir gün əvvəl - noyabrın 20-də "Fairmont Baku Flame Towers" hotelində AOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək.
AOK-un 43-cü Ümumi Assambleyası başa catdıqdan sonra KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.