Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Elçin Mehdiyev/
Avropa Olimpiya Komitəsinin nümayəndələri Bakıda gördükləri ilk Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərindən çox razıdırlar. Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda mətbuat konfransında deyib.
O, bir neçə gün ərzində Bakıda təşkil edilmiş fantastik qəbula görə Azərbaycana və Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinə təşəkkürünü bildirib.
P.Hikki Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya görülən işlərə böyük diqqət və maraq göstərdiyinə görə minnətdarlığını bildirib.
O, həmçinin Mehriban xanım Əliyevaya könüllülərin formasının dizaynında böyük şəxsi töhfəsinə görə təşəkkür edib: "Mən Azərbaycan Milli Olimpiya Komitəsinin də prezidenti olan Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim. O, bu oyunlara böyük maraq nümayiş etdirdi".
Avropa Olimpiya Komitəsinin prezidenti qeyd edib: "Mən dostum və həmkarım nazir Azad Rəhimova da təşəkkür edirəm. Son illər ərzində biz qardaş kimi olmuşuq, çünki bu oyunlara hazırlıq üçün çox sıx çalışmışıq".