...

Eltac Səfərli: Reqlament hər bir şahmatçıya irəliləmək imkanı verir

İdman Materials 1 Sentyabr 2015 17:27 (UTC +04:00)
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Eltac Səfərli yarışla bağlı fikirlərini açıqlayıb.
Eltac Səfərli: Reqlament hər bir şahmatçıya irəliləmək imkanı verir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Eltac Səfərli yarışla bağlı fikirlərini açıqlayıb.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Səfərli Azərbaycan şahmatçılarının turnirdə ölkəmizi layiqincə təmsil edəcəklərini söyləyib: "Bakıda keçirilən istənilən yarış idmançılarımız üçün yeni sınaqdır. Şahmat üzrə Dünya Kuboku-2015 yarışlarında 128 şahmatçı iştirak edəcək. Onlardan 6-sı Azərbaycanı təmsil edir. Sözsüz, biz bu dəfə daha yaxşı nəticə göstərməyə çalışacağıq. Reqlament hər bir şahmatçıya irəliləmək imkanı verir. Rəqiblər iki dəfə üz-üzə gələcək və qalib gələn növbəti mərhələyə adlayacaq. Artıq ilk mərhələlərdə güclü şahmatçıya rəqib olmuşam. Bu mənada ilk mərhələdən mübarizədə fəal olmalıyam".

Şahmatçımız deyib ki, Dünya Kuboku yarışlarında favorit adı çəkmək çətindir: "Hər bir iştirakçı maksimum sayda qələbə qazanmaq istəyir. Bildiyiniz kimi finalçılar dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Ona görə Dünya Kubokunda heç bir partiya asan olmayacaq. Ən böyük ümidlər yığmamızın liderləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarova yönələcək. Onlar daha təcrübəli olduqları üçün uğur qazanmağa daha çox şansları var. Şahmatçılarımızdan birinin finala qədər irəliləməsini çox istəyərdim.

Bu yaxınlarda Şəhriyar Məmmədyarovla birgə Avstriyada turnirdən qayıtmışıq. Hər zaman olduğu kimi, Məmmədyarov Vyanada gözəl oyun sərgilədi. Bakıda da ondan böyük uğur gözləyirik. Ümumiyyətlə, Şəhriyar hər zaman təəccübləndirməyi bacaran şahmatçıdır. Heç kim əvvəldən onun çıxışı barədə proqnoz verə bilməz. Şəhriyar dünyanın bir nömrəli şahmatçısına qalib gələ bilər, sonra reytinqə görə 100-cü olan həmkarına uduzar. Yəni Məmmədyarov fərqli oyun üslubuna malikdir. Bununla belə, həm Şəhriyarın, həm də Teymurun Dünya Kubokunda yaxşı çıxış edəcəyinə inanırıq".

Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku-2015 sentyabrın 10-da start götürəcək. İlk tur sentyabrın 11-də oynanılacaq. Yarış "Fairmont" hotelində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti