Bakı. Trend:
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqləri davam etdirir.
Bakı Şahmat Olimpiadasının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədovdan ibarət Azərbaycanın əsas komandası 15 günlük hazırlıqda iştirak etmək üçün Qəbələyə yollanıb. Qəbələdə Azərbaycan millisi fransız qrossmeyster Etyen Bakronun rəhbərliyi altında məşq edir.
Etyen Bakro Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə hazırlıq barədə məlumat verib: "Hazırlıq planına əsasən ikinci təlim-məşq toplanışı 15 gün davam edəcək. Yığma üzvləriylə həm debüt, həm də çətin kombinasiyaların həlli üzrə çalışacayıq. Ümumilikdə millidə əhval-ruhiyyə yüksək səviyyədədir. Hazırlıq üçün yaxşı şərait yaradılıb. Qəbələdə şahmatçılar həm də idmanla məşğul olurlar. Avqustda yığmanın növbəti təlim-məşq toplanışı keçiriləcək".
Qeyd edək ki, avqustda Azərbaycan millisinin yoldaşlıq görüşündə iştirak etməsi üçün danışıqlar aparılır.