Bakı. Trend:
Rusiya yığmasının üzvü, Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda çempionluq görüşünə vəsiqə qazanan Sergey Karyakin 42-ci Ümumdünya Şahmat Olimpiadası haqqında danışıb.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda belə deyilir.
Karyakin səbrsizliklə Bakı Şahmat Olimpiadasını gözlədiyini bildirib: "Sentyabrda Bakıda Şahmat Olimpiadası keçiriləcək. Bu mötəbər yarışda iştirak etməyi planlaşdırıram. İnanıram ki, Rusiya yığması üçün olimpiada uğurlu olacaq. Millimizin olimpiadada qızıl medal uğrunda yarışmasını istərdim. Ümumiyyətlə, Bakı şəhəri mənim üçün düşərlidir. Ötən il Bakıda keçirilən Dünya Kubokunda qələbə qazanmışam. Burada turnirlər hər zaman yüksək səviyyədə keçirilir. Hamını Bakı Şahmat Olimpiadasına dəvət edirəm".
Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarışın oyunları “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.