Bakı. Trend:
Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadın şahmatçılardan ibarət Azərbaycanın birinci və ikinci komandası Qəbələdə təlim-məşq toplanışını davam etdirir.
Trend-in məlumatına görə, qadın şahmatçılarımız Qəbələdə məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev, Sərxan Quliyev və Fərid Abbasovun rəhbərliyi altında hazırlaşırlar.
Məşqçilər F.Sideyifzadə və S.Quliyev hazırlıq haqqında Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə fikirlərini bölüşüblər.
F.Sideyifzadə bildirib ki, Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi böyük hadisədir: "Olimpiadada 180-ə yaxın ölkə iştirak edəcək. Bu isə o deməkdir ki, Bakıda dünyanın istənilən nöqtəsindən komandalar mübarizə aparacaq. Meydan sahibi kimi yaxşı nəticə göstərməyə çalışacağıq. Bu günlərdə Qəbələdə ikinci təlim-məşq toplanışında iştirak edirik. Şahmatçılarımız yarışa çox ciddi hazırlaşırlar. Məşqlər gün ərzində 6-7 saat təşkil edir. Qadın şahmatçıların səylə hazırlaşmasından razıyam. Əsas diqqət debüt açılışına, partiyanın sonluğuna yönəlir. İnanıram ki, olimpiadada komandamız yaxşı çıxış etməklə layiqli yerini tutacaq".
S.Quliyev isə qeyd edib ki, bu, komandanın ikinci hazırlığıdır: "Şahmatçılar böyük həvəslə məşq edirlər. Məsuliyyəti başa düşürlər. Məşqlər zamanı debütlə yanaşı, rəqiblərin oyununu da müzakirə edirik. Olimpiadada qadın komandaların arasında ciddi rəqabət olacaq. Buna görə də rəqiblərin oyunları mütləq təhlil olunmalıdır. Olimpiadaya qədər daha iki toplanış planlaşdırılır. Əvvəlcə Gürcüstan yığmasıyla yoldaşlıq görüşündə iştirak edəcəyik. Son hazırlıq isə avqustun 19-da başlayacaq. İnanıram ki, qadın şahmatçılarımız olimpiadaya tam hazır olacaq".
Qeyd edək ki, ikinci hazırlıq mərhələsi avqustun 5-də yekunlaşacaq.