...

Bakıda şahmat avtobusu (FOTO)

İdman Materials 20 Avqust 2016 14:12 (UTC +04:00)
Bakı Şahmat Olimpiadasına hazırlıqlar tam sürətlə davam edir.
Bakıda şahmat avtobusu (FOTO)

Bakı. Trend:

Bakı Şahmat Olimpiadasına hazırlıqlar tam sürətlə davam edir.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Olimpiadanın Əməliyyat Komitəsi hazırlıqlarla yanaşı, şahmatın təbliği istiqamətində də mühüm tədbirlər həyata keçirir. Belə addımlardan biri də paytaxt küçələrində şahmat avtobuslarının fəaliyyətə başlamasıdır. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə verib. Sözügedən ikimərtəbəli nəqliyyat vasitəsi paytaxt küçələrində şəhərin ən görməli yerlərində pulsuz fəaliyyət göstərəcək və şahmatın təbliğini həyata keçirəcək. Turda iştirak edənlərin avtobusda şahmat oynaması və Bakı Şahmat Olimpiadası haqqında məlumatlar əldə etməsi üçün bütün şərait yaradılıb.

Şahmat avtobusunun təqdimat mərasimində Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, yığma komandanın aparıcı üzvləri, jurnalistlər və könüllülər iştirak ediblər. Avtobusa baxış keçirilib və millimizin üzvləri burada quraşdırılmış lövhələrdə şahmat oynayıblar.

Daha sonra şahmat avtobusu ilk turuna başlayıb.

Qeyd edək ki, şahmat avtobusları sentyabrın 14-dək fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti