Bakı. Trend:
Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov Bakı Şahmat Olimpiadasının rəsmi "facebook" səhifəsində izləyicilər tərəfindən verilən sualları cavablandırıb. Trend Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadən ən maraqlı sual və cavabları təqdim edir.
- Bakı Şahmat Olimpiadası ərəfəsində həyəcan varmı?
- Həyəcan hər zaman var. Bakıda keçirilən hər bir yarış bizim üçün böyük sınaqdır.
- Sonuncu dəfə bacılarınla nə vaxt şahmat oynamısan? Ailə üzvlərinlə oyunlarda sonuncu məğlubiyyətini necə xatırlayırsan?
- Təlim-məşqlərlə əlaqədar evdə az oluram. Amma sonuncu dəfə ailə üzvlərimlə görüşlərdə Türkanla məğlubiyyəti xatırlayıram. Ona uduzmuşdum. Amma Zeynəb məni turnirdə məğlub edib. Evdə rahat oynayırıq, amma yarışda sərbəstlik olmur. Ona görə Zeynəbin qələbəsini unutmamışam.
- Tələbələriniz varmı?
- Tələbələrim yoxdur. Çünki konkret məşqçilik etməyə vaxt olmur.
- Sizə görə tarixdə oynanılmış ən maraqlı oyun?
- Şahmatda maraqlı oyunlar çoxdur. Mənim üçün ən maraqlı oyunlardan biri Veyk-An-Zee turnirində Veselin Topalovla Harri Kasparov arasında olmuşdu.
- Şahmatda kumirin kim olub?
- Güclü şahmatçılar çox olub. Konkret kimisə özümə kumir seçməyim yadıma gəlmir. Amma ən güclülərdən öyrənməyə çalışmışam.
- Sizcə tarixin ən güclü şahmatçısı kim olub?
- Bobbi Fişeri qeyd edə bilərəm. Onun partiyaları indiyə qədər öyrənilir. Eyni zamanda, Harri Kasparovun adını çəkmək olar. Hör dövrün öz güclüsü var.
- Şəhriyarın uğurunun sirri nədədir?
- Çox məşq etmək lazımdır. Bütün istirahətləri qurban verəndə uğur özü gəlir. Çox çalışmaq lazımdır. Yaxşı hazırlaşanda, bütün fikir oyuna yönələndə nəticə yaxşı olur. Uğurun sirri zəhmət çəkməklə əlaqədardır. Zəhmət olan yerdə nəticə hər zaman özünü göstərir.
- Yəqin ovçu olardım. Ov etməyi çox sevirəm. Vaxt olanda dostlarla ova gedirik.
- Asudə vaxtlarınızı necə keçirirsiniz?
- Son zamanlar asudə vaxt olmur. İmkan olanda dostlarla görüşürük. Təbiəti çox sevirəm. Ailə üzvlərimlə istirahət etməyi çox xoşlayıram.
- İnsanları da fiqurlar kimi yaxşı tanıyırsınız? Yəni insanlarla fiqurları müqayisə etmək olar?
- Fiqurları insanlardan yaxşı tanıyıram (gülür). İnsanlar bəzən çox tez-tez dəyişir. Amma onları fiqurlarla müqayisə etmək istəməzdim. İnsanları daha çox at və ya vəzirə oxşadardım. Oyunun ortasında at elə gedişlər edir ki, adam təəccüblənir. Vəzir fərqli gedişlərlə oynamağı bacarır. İnsanlar dəyişkən olduğu üçün vəzirin oyununa oxşayır.
- Olimpiadanın rəsmi maskotu Şah Oğlanı sənə oxşadırlar. Onunla münasibətin necədir?
- Şah Oğlan uğurlu seçimdir. Şən obrazdır. İki həftə əvvəl ticarət mərkəzində görəndə onunla şəkil çəkdirmişəm. Çox şən oğlandır. Bəziləri onu mənə oxşadır. Çünki şahmatda mənə qısaca olaraq Şah deyirlər. Özüm oxşarlıq görmədim. Amma maskotun olması yaxşıdır. Şahmatın təbliği üçün belə layihələr önəmlidir.
- Azərbaycan millisinin Bakı Şahmat Olimpiadasında şanslarını necə qiymətləndirirsiniz?
- Şans həmişə var. Oynamaq lazımdır. Komanda kimi mübarizə apararaq mükafatçılar sırasına düşmək üçün sona qədər yarışmaq lazımdır.
- Azərbaycanda gənc şahmatçıların əldə etdiyi nəticələrdən razısınız? Qrossmeysterlərdən kimin adını çəkə bilərsiniz.
- Yeniyetmələr hər zaman bizi sevindirib. Gənclər də müəyyən mənada həmişə uğurlu çıxış edirlər. Fərqləndirmək istəməzdim. Hamısına uğurlar arzulayıram. Çox istedadlı uşaqlar var. Nəticələrə baxarkən şahmata olan marağı hiss edirsən. Ölkədə doğrudan da şahmata böyük maraq var. İstəyirəm gənclər daha çox çalışsınlar, tezliklə yığma səviyyəsinə qədər ucalsınlar.