...

Azərbaycan gimnastları Bakıdakı Avropa çempionatında favoritlər arasındadır

İdman Materials 10 Aprel 2018 18:41 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Aprelin 12-dən 15-dək Avropanın yuniorlar və böyüklər arasında ən yaxşı idmançıları batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 24-cü Avropa çempionatı çərçivəsində ən güclünü müəyyənləşdirmək üçün Bakıya toplaşacaq.

Trend-in Avropa Gimnastika İttifaqına (UEG) istinadən məlumatına görə, yarışlarda 25 ölkədən 420 gimnast iştirak edəcək.

UEG yarışların gedişində çıxışına diqqət yönəltmək lazım olan idmançıları qeyd edib.

Batutda fərdi tullanma

Qələbəyə əsas namizədlər hazırkı Avropa və Olimpiya çempionu Belarus təmsilçisi Vladislav Qonçarov və onun xanımı Anna Qonçarovadır. Onlar Rusiya tərəfindən güclü rəqabətlə üzləşəcəklər. Rusiya Avropa vitse-çempionu Dmitri Uşakov, eləcə də Mixail Melnik və Avropa çempionu Yana Pavlovanın daxil olduğu ulduz komanda ilə çıxış edəcək. Böyük Britaniya Ket Driskollun, Lyuk Stronqun, Natan Beylinin və İzzi Sonqherstin təcrübəsinə ümid edə bilər. Favoritlər arasında həmçinin Fransa idmançıları Sebastyan Martini və Allan Moranteni, həmçinin Azərbaycan gimnastı İlya Qrişunini qeyd etmək olar. Qadınlar arasında Anna Rente (Portuqaliya), Natalya Moskvina (Ukrayna) və Lyubov Qolovinaya (Gürcüstan) diqqət yönəltmək lazımdır.

Batutda sinxron tullanma

Belarusdan olan dünya çempionları Oleq Ryabtsov və Vladislav Qonçarov Avropa qızılını da qazanmağa çalışacaq. Onların əsas rəqibləri 2015-ci ilin bürünc mükafatçıları Sebastyan Martini və Allan Morante (Fransa), Andrey Yudin və Dmitri Uşakov (Rusiya), eləcə də Dieqo Abreu və Dieqo Qançinyo (Portuqaliya) olacaq. Bundan başqa, ukraynalı Nikolay Prostorov və Artyom Savçenkonu qeyd etmək olar. Qadınlar arasında da sərt rəqabət olacaq. Bu yarışda diqqətlər Marina Jurber və Lee Labrus (Fransa), Syuzana Koçesok və Yana Pavlova (Rusiya), Anna Rente və Beatrisa Martinsə (Portuqaliya) cəlb olunacaq. Belaruslu Anna Qonçarova və Mariya Makarinskayanı diqqətə almaq lazımdır.

İkili mini-batut

Bu növdə ulduz, əlbəttə ki, rusiyalı idmançı Mixail Zalomindir. Dəfələrlə Avropa və dünya çempionu, ötən il Ümumdünya oyunlarının qalibi olmuş gimnast öz titulunu müdafiə etmək ümidindədir. M.Zalominin texnikası ilə az gimnast rəqabət aparmaq qabiliyyətindədir. Onun ən böyük rəqibi komanda yoldaşı Aleksandr Odintsov və ispaniyalı gimnast Daniel Peres olacaq. Qadınlar arasında favorit iki ili Avropa çempionu olmuş İsveç nümayəndəsi Lina Syoberq hesab olunur. Onun rəqibləri britaniyalı Kirsti Vey və rusiyalı Polina Troyanova hesab olunur.

Tamblinq

Bu növdə favoritlərdən biri Azərbaycan idmançısı Mixail Malkindir. Ölkədə bu idmançıya böyük ümid bəslənilir. Bu növdə rəqabət çox yüksəkdir. Finala çıxmaq uğrunda Rasmus Steffensen və Anders Vesk (Danimarka), Qreq Taunli, Elliot Braun, Kallam Malholl və Kristof Villerton (Böyük Britaniya), Aleksandr Lisitsın, Maksim Şlyakin, Qriqori Noskov və Vadim Afanasyev (Rusiya) mübarizə aparacaq. Qadınlar arasında canlı əfsanə, Rusiya nümayəndəsi Anna Korobeynikova müdafiə edəcək. Taçina Piters (Belçika), Mari Deluj (Fransa), Lyusi Kolbek və Reçel Devis (Böyük Britaniya) titul uğrunda mübarizə aparacaq.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada 4 gün davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirəcək.

Yarışların 1-ci və 2-ci günləri həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri baş tutacaq və komandalar arasında finallar keçiriləcək. 14 aprel tarixində isə gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarımfinal mərhələsi də baş tutacaq. Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti