Bakı. Ənvər Məmmədov - Trend:
Doğma meydanda çıxış etmək hər zaman xoşdur.
Bunu Trend-ə Azərbaycan gimnastları Nərminə Səmədova və Yelizaveta Luzan deyib.
Gimnastlar bildirib ki, azarkeşlər onlardan dəstəyini əsirgəməyib:
“Onların dəstəyi bizim uğurla çıxışa köklənməyimizə kömək edirdi. Ümumilikdə biz yaxşı çıxış etdik. Amma daha da yaxşı ola bilərdi”.
Gimnastlar əlavə edib ki, ayrı-ayrı növlərdə finala çıxmağa ümid edirlər.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirə start verilib.
Gənc bədii gimnastlar böyük gimnastları qabaqlayaraq 23-24 aprel tarixlərində fəxri kürsünün ilk pillələrinə qalxmaq uğrunda mübarizə aparacaqlar. Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışacaqlar.
Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayacaqlar. İki günlük yarışlar zamanı komanda hesabı və ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, “AGF Junior Trophy” turniri 2018-ci ilin 1-3 iyun tarixlərində İspaniyanın Quadalaxara şəhərində baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək. Bu da gənc gimnastlara Avropa çempionatında öz həyəcanlarına qalib gələrək daha inamlı çıxışlar nümayiş etdirmək və çıxış proqramlarını təkmilləşdirmələri üçün şans yaradacaq.