...

Güləşçilərimiz Avropa çempionatınında yarış günü ərzində 4 medal qazanıblar

İdman Materials 3 Aprel 2022 01:49 (UTC +04:00)
Güləşçilərimiz Avropa çempionatınında yarış günü ərzində 4 medal qazanıblar

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Trend xəbər verir ki, çempionatın altıncı günündə - aprelin 2-də 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib.

Eldəniz Əzizli (55 kq) yarışa dörddəbir finaldan start verib. Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. E.Əzizli yarımfinalda erməni Rudik Mkrtçyana da gücünü göstərib. Rəqibini 7:3 hesabı ilə xalçadan məyus yola salan təcrübəli pəhləvanımız dördillik fasilədən sonra ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşıb. Güləşçimiz karyerası boyunca dəfələrlə qalib gəldiyi rəqibi növbəti dəfə məğlubiyyətə uğradaraq (8:2) dördillik fasilədən sonra ikinci dəfə Avropa çempionu olub. Mükafatlandırma mərasimində güləşçilərə medalları Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev və Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə təqdim ediblər.

Taleh Məmmədov (63 kq) yarışa dörddəbir finaldan qoşulub. Təcrübəli pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub - 5:1. T.Məmmədov yarımfinalda erməni Qraçya Poqosyanla qarşılaşıb. Gərgin keçən görüşün ikinci hissəsində uğurlu "çevirmə" fəndi idmançımıza qələbə qazandırıb - 3:1. Beləliklə, təmsilçimiz ikinci dəfə Avropa çempionatının finalında güləşmək hüququ qazanıb. Həmyerlimiz finalda gürcü Leri Abuladze ilə güləşib və rəqibinə 1:3 hesabı ilə məğlub olaraq Avropa çempionatını gümüş medalla başa vurub.

Sənan Süleymanov (77 kq) səkkizdəbir finalda rumıniyalı İlye Koyokariyə heç bir şans tanımayıb - 9:0. S.Süleymanov növbəti mərhələdə erməni dünya çempionu Malxas Amoyanla gərgin keçən görüşdə minimal fərqlə (6:5) uduzub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Litvalı Mantas Sinkeviçyusa ilk hissədə tam üstünlüklə (8:0) qalib gələn S.Süleymanov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həmyerlimiz həlledici görüşdə isveçli Albin Olofssonla qarşılaşıb və 5:0 hesablı qələbə ilə Avropa çempionatının bürünc medalına sahib çıxıb.

İslam Abbasov (87 kq) ilk mərhələdə xorvat Matey Mandiçə minimal fərqlə (4:3) qalib gəlib. Həmyerlimiz dörddəbir finalda serbiyalı dünya çempionu və Tokio Olimpiadasının bürünc medalçısı Zurabi Datunaşviliylə gərgin keçən mübarizədən 5:3 hesablı qələbə ilə ayrılaraq adını yarımfinala yazdırıb. İ.Abbasov final yolunda rumıniyalı Niku Samuel Oyoqla güləşib. İlk hissənin əvvəllərində əks-fənddə yaxalanan İ.Abbasov məğlubiyyətdən qaça bilməyib. Güləşçimiz bürünc medal uğrunda bolqar Yoan Dimitrovla mübarizə aparıb və 5:1 hesablı qələbə qazanaraq Avropa çempionatını üçüncü pillədə başa vurub.

Yığmamızın üzvü Beka Kandelaki (130 kq) Avropa çempionatına inamlı qələbə ilə start verib. Təmsilçimiz ilk görüşdə ukraynalı Mixaylo Vişnivetskiyə vaxtından əvvəl (10:0) qalib gəlib. B.Kandelaki dörddəbir finalda erməni David Ovasapyanı 5:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz finalın bir addımlığında dəfələrlə dünya və Avropa çempionu olmuş, üçqat Olimpiya medalçısı Rza Kayaalpla (Türkiyə) qarşılaşıb. Tərəflər görüş ərzində yalnız hərəyə 1 cərimə xalı qazanıb. Sonuncu xalı rəqib əldə etdiyi üçün təmsilçimiz ümidini bürünc medala bağlayıb. Ancaq macarıstanlı Attilla Vitekə 1:4 hesabı ilə uduzan B.Kandelaki beşinci yerlə kifayətlənib.

Beləliklə, yunan-Roma güləşçilərimiz Avropa çempionatına 1 qızıl, 1 gümüş və 2 bürünc medalla start veriblər.

Qeyd edək ki, Avropa çempionatına tam heyətlə yollanan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb. Qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti