Bakı. Trend:
Futbol üzrə Rusiya millisi növbəti mövsüm üçün Millətlər Liqasından kənarlaşdırılıb.
Trend UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə qərar bazar ertəsi təşkilatın icraiyyə komitəsi tərəfindən qəbul edilib.
Bildirilir ki, Rusiya millisi B Liqasının 2-ci qrupunda iştirak etməyəcək və avtomatik olaraq dördüncü yeri tutacaq. Beləliklə, qrup mərhələsinin sonunda Rusiya millisi B Liqasında sonuncu, 16-cı yeri tutacaq.
Xatırladaq ki, FIFA və UEFA fevral ayında bütün Rusiya komandalarının öz turnirlərində iştirakını qadağan ediblər. Rusiya millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında da iştirak etməyəcək.