...

Tələbə gənclər arasında badminton yarışı keçirilib (FOTO)

İdman Materials 26 May 2022 12:50 (UTC +04:00)
Tələbə gənclər arasında badminton yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Badminton Federasiyasının dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “FunniFy” proqramı çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş tələbələr arasında badminton yarışı keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir “FunniFy” proqramının meneceri Eldar Qurbanov tərəfindən açıq elan edilib.

Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Şahmar Tağıyev və İttifaqın sədri Pərviz Mirələmli açılış nitqləri ilə çıxış edərək cənab prezident İlham Əliyevin idmana və gənclər siyasətinə göstərdiyi xüsusi diqqəti nəzərə alaraq hazırkı proqramın əhəmiyyətindən və tələbələr arasında həyata keçirilən əyləncə və idman oyunlarınının təşkilinin vacibliyi haqqında fikirlərini bölüşüblər. Yarışın açılış mərasimi tələbələr tərəfindən müxtəlif musiqi nömrələrinin səsləndirilməsi və kompozisiyaların göstərilməsi ilə yekunlaşıb.

Daha sonra 8 təhsil müəssisəni təmsil edən 16 tələbə arasında badminton yarışı baş tutub. Nəticəyə əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin komandası birinci, Azərbaycan Tibb Universitetinin komandası ikinci, Azərbaycan Dillər Universitetinin komandası isə üçüncü yerin sahibi olublar. Sonda qalib komandaların üzvləri mükafatlandırılıb.

Qeyd edək ki, proqram çərçivəsində həyata keçiriləcək layihələr yaxın illər ərzində bütün Azərbaycan üzrə icra olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti