...

Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları məlum olub

İdman Materials 14 Dekabr 2023 02:18 (UTC +04:00)
Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları məlum olub

Bakı. Trend:

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, dörd qrupda keçirilən səkkiz oyunla pley-offun son iki iştirakçısı bəlli olub.

Həmçinin mübarizəni Avropa Liqasında davam etdirəcək komandaların adlarına aydınlıq gəlib.

E qrupunda bütün yerlərin sahibi bilindiyi üçün matçlar formal xarakter daşıyıb. "Atletiko" İspaniyada İtaliya "Latsio"sunu iki cavabsız qolla məğlub edərək qrup lideri olub. Niderland "Feyenoord"u isə Şotlandiyada "Seltik"ə uduzub.

F qrupunda 1/8 final mərhələsinə vəsiqəyə üç komanda iddia edirdi. Almaniyada "Borussiya" ilə heç-heçə edən Fransa PSJ-si Dortmund təmsilçisindən sonra pley-offa yüksələn ikinci komanda olub. Bu qrupun digər matçında İtaliya "Milan"ı İngiltərədə "Nyukasl"a qalib gəlməklə Avropa Liqasında oynamaq hüququ qazanıb.

G qrupunda bütün suallara daha əvvəl aydınlıq gəldiyindən, nəticələr elə də önəm daşımırdı.

H qrupunda isə Portuqaliya “Portu”su ilə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu pley-off mərhələsinə sonuncu vəsiqənin sahibini öz aralarındakı matçda müəyyənləşdiriblər. Rəqibi üzərində 5:3 hesablı qələbə qazanan portuqaliyalılar adlarını 1/8 finala yazdırıblar.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

13 dekabr

E qrupu

00:00. "Atletiko" (İspaniya) - "Latsio" (İtaliya) - 2:0

00:00. "Seltik" (Şotlandiya) - “Feyenoord” (Niderland) - 2:1

Xal durumu: “Atletiko” – 14, “Latsio” – 10, “Feyenoord” – 6, “Seltik” - 4.

F qrupu

00:00. “Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa) - 1:1

00:00. “Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya) - 1:2

Xal durumu: “Borussiya” – 11, PSJ – 8, "Milan" - 8, “Nyukasl” – 5.

G qrupu

21:45. “Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə) - 2:3

21:45. “Leyptsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə) - 2:1

Xal durumu: “Mançester Siti” – 18, “Leyptsiq” – 12, “Yanq Boyz” – 4, “Srvena Zvezda” – 1.

H qrupu

00:00. “Antverpen” (Belçika) - “Barselona” (İspaniya) - 3:2

00:00. “Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 5:3

Xal durumu: “Barselona” – 12, “Portu” – 12, “Şaxtyor” – 9, “Antverpen” - 3.

Qeyd edək ki, bunadək “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” (hamısı Almaniya), "Kopenhagen" (Danimarka), “Arsenal”, “Mançester Siti” (hər ikisi İngiltərə), PSV (Niderland), “Real Madrid”, “Barselona”, “Real Sosyedad”, “Atletiko” (hamısı İspaniya), "Napoli", “İnter” və “Latsio” (hər ikisi İtaliya) komandaları 1/8 finala yüksəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti