Bakı. Trend:
Bakıdakı mərhələ ən güclü turlardan biridir.
Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov deyib.
O, basketbolun 3x3 növü üzrə qadın seriyasının Bakı mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin şanslarını açıqlayıb. Qurum rəsmisi bildirib ki, bu mərhələdə oynamayan komanda yoxdur: “Həmçinin bu turda ən güclülər toplaşıb. Bu yarışdan sonra Avropa çempionatı start götürəcək. Ona görə burada iştirak edəcək komandalar güclü heyətlə çıxış edəcəklər. Bundan əlavə, iştirakçı klublar maksimal səviyyədə özünü göstərməyə çalışacaq. Komandamızın C qrupunda dəqiqləşən rəqiblərindən “Düsseldorf ZOOS” Almaniyanın ən güclülərindəndir. Onlarla bir dəfədə qarşılaşmışıq. Bu mərhələdə favoritlər bəllidir”.
Onun sözlərinə görə, hər kəs yığmamızın uğurlu çıxışına inanır: “Ümid edirik ki, qızlarımız bu turnirdə özlərini yaxşı tərəfdən göstərəcəklər. Məşq edirlər və hazırlıq yüksək səviyyədədir. Bu səbəbdən gözləntilərimiz böyükdür. Yeganə mənfi hal komanda da olan Tiffani Heysin bu mərhələdə iştirak edə bilməməsidir. Yəni onun oynamaması heyətimizi nisbətən zəiflədəcək. Amma ilk “üçlüy”ə düşmək şansımız yüksəkdir”.
Qeyd edək ki, Azərbaycan millisi əsas raunddan yarsa qatılacaq. Yığmamız C qrupunda “Düsseldorf ZOOS” və təsnifatda A qrupunun qalibi olacaq komanda ilə görüşəcək. Bakı mərhələsi avqustun 17-18-də keçiriləcək.