...

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 65% artıb

İqtisadiyyat Materials 4 Oktyabr 2016 17:41 (UTC +04:00)
İranın Daxili İşlər naziri İqtisadiyyat Nazirliyində olub.
Azərbaycanla İran arasında ticarət dövriyyəsi 65% artıb

Bakı. Trend:

Bu gün İqtisadiyyat naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, xüsusilə son üç ildə bu görüş və səfərlərin intensivləşməsinin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İqtisadi sahədə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərindən danışan Ş.Mustafayev qeyd edib ki, bu ilin yanvar-avqust aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 65% artıb, Azərbaycana iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb.

Bildirilib ki, enerji, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sahələrində əlaqələrimiz uğurla davam etdirilir, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, ölkəmizdə İran tərəfindən dərman istehsalı zavodunun tikintisi layihəsi üzrə işlər görülür, ölkəmizə gələn iranlı turistlərin sayı artır. Neftçala Sənaye Məhəlləsində Azərbaycan-İran birgə layihəsi olan avtomobil zavodunun təməlinin qoyulduğunu qeyd edən nazir Ş.Mustafayev İran şirkətlərini, xüsusilə də Şərqi Azərbaycan və Gilan vilayətlərindən olan iş adamlarını sənaye parkları və məhəllələrində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib. Diqqətə çatdırılıb ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə bağlı oktyabr ayında Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək.

İranın Daxili İşlər naziri Ə.R.Fəzli ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, Azərbaycan-İran əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Dünyadakı neqativ iqtisadi proseslər fonunda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artmasının əhəmiyyətini qeyd edən nazir Ə.R.Fəzli turizm, İKT, maliyyə, nəqliyyat və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə, Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə və Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfi iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti