Bakı. Trend:
Azərbaycan və İran arasında son ildə ticarət dövriyyəsi təqribən 70% artıb.
Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev fevralın 9-da İranın Azərbaycandakı səfirliyində ölkənin milli bayramı – İnqilab gününə həsr olunmuş tədbirdə deyib.
Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib.
Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdıran nazir iki ölkə arasında son üç ildə 40-dək sənədin imzalandığını bildirib.
Şahin Mustafayev həmçinin bildirib ki, əlaqələrin inkişafında Azərbaycan-İran Dövlət Komissiyası böyük rol oynayır.
Son ildə iki ölkə arasında ticarət dövriyyəsi təqribən 70 faiz artmasını bildirən nazir müntəzəm olaraq görüşlərin, biznes forumların və sərgilərin keçirildiyini deyib.