Bakı. Ənvər Məmmədov - Trend:
Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyəyə aid hissəsində tikinti işləri avqustun sonu - sentyabrın əvvəlində yekunlaşacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, tikinti işlərinin uzanmasının səbəbi ilin əvvəlində Qarsda qarlı, şaxtalı hava şəraitinin olması ilə bağlıdır: "Qiş bu il çox sərt keçdi. İşlər tez yekunlaşmalı idi, ama 40-50 dərəcə şaxta işi ləngitdi".
C.Qurbanov əlavə edib ki, mayın əvvəlində Qarsda Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşəcək: "Lakin Türkiyənin potensilalına bələd olaraq əminliklə deyə bilərəm ki, yerdə qalan işlər artıq avqustun sonu - sentyabrın əvvəlində yekunlaşacaq".
O bildirib ki, dəmir yolunun Gürcüstan hissəsində işlər başa çatıb, lakin Türkiyə hissəsində hələ də tikinti işləri yarımçıqdır.
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşıma məsələsinə toxunan C.Qurbanov qeyd edib ki, bu məsələ tələbatdan asılı olaraq həllini tapacaq.
O deyib: “Yükdaşıma və ya sərnişindaşımalardan hansı birinin ilk öncə başlayacağı barədə konkret fikir söyləmək çətindir. Bu məsələ tələbatdan asılı olacaq. Artıq 30 vaqon almışıq və tikinti işləri bitən kimi dərhal sərnişindaşımaya başlamağa hazırırq”.