...

ABŞ iş adamları üçün Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına əlverişli mühit var

İqtisadiyyat Materials 18 Oktyabr 2017 14:32 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Qil və ABŞ-ın Ankaradakı Ticarət Xidmətinin rəhbəri, ticarət müşaviri Bill Çaykovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ABŞ iş adamları üçün Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına əlverişli mühit var

Bakı. Trend:

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Qil və ABŞ-ın Ankaradakı Ticarət Xidmətinin rəhbəri, ticarət müşaviri Bill Çaykovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə məqsəd Azərbaycanla ABŞ arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarının, eləcə də, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və bu sahədə sərmayə qoyuluşunun müzakirəsi olub.

İ.Quliyev ABŞ-la Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyinə əminliyini ifadə edib. O, Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. İ.Quliyev dünyada mövcud olan 11 iqlim tipindən 9-nun Azərbaycanda mövcud olduğunu və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb.

Nazir müavini bildirib ki, Azərbaycan neft ölkəsi olsada, hazırda ölkə başçısı tərəfindən qeyri neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələr həyata keçirilir. Nazir müavini həmçinin ölkəmizdə fermer və sahibkarların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunduğunu, gübrələrin 70 faiz, kənd təsərrüfatı texnikalarının 40 faiz güzəştlə verildiyini qonaqların diqqətinə çatdırıb. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda ən müasir texnologiyalara uyğun Süni Mayalama Mərkəzinin tikildiyini nəzərə çatdırıb.

İ.Quliyev ABŞ iş adamları üçün Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirib. Nazir müavini ABŞ-ın “JOHN DEERE” şirkəti ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, “JOHN DEERE” şirkəti ilə əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə işçi qrupunun yaradıldığını və yaxın günlərdə qurupun geniş tərkibdə toplantısının keçiriləcəyini diqqətə çatdırıb.

İ.Quliyev FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə ofisi ilə də sıx əlaqələrin olduğunu və birgə layihələrin həyata keçirildiyini, həmçinin fermerlərin bu layihələrdən faydalandığını qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən U.Qil Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti