Bakı. Trend:
Bağlanmış “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların veriləcəyi ünvanlar açıqlanıb.
Əmanətlərin Sığortalanması Fondundan (ADIF) Trend-ə verilən məlumata görə, ləğv prosesində olan “DəmirBank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 1 fevral 2018-ci il tarixindən etibarən “Kapital Bank” ASC-nin filiallarında başlanılacaq və həmin tarixdən qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi təmin olunacaq.
Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən və ADIF-in Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində təsdiq edilib və Fondun iştirakçısı olan banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
Ərizə formalarını qorunan əmanətçilər 1 fevral 2018-cı il tarixindən etibarən Fondun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, “Kapital Bank”ın filiallarından və ya www.adif.az internet-saytından əldə edə bilərlər.