...

Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat Materials 16 Mart 2018 22:39 (UTC +04:00)
Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb
Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Bakı. Trend:

İqtisadiyyat naziri, Azərbaycan və Rumıniya hökumətləri arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev 6-cı Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Baş nazirinin müavini Ana Birçall ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin önəmini vurğulayıb, Azərbaycan və Rumıniya arasında 2009-cu ildə strateji tərəfdaşlığa dair Bəyannamə imzalandığını qeyd edib. Bildirilib ki, Azərbaycan-Rumıniya əməkdaşlığının inkişafı məqsədilə bir sıra birgə qurumlar - parlamentlərarası əlaqələr üzrə dostluq qrupları və Müştərək Komissiya fəaliyyət göstərir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın fəaliyyətini qeyd edən Ş.Mustafayev komissiyanın növbəti iclasının keçirilməsinə dair fikirlərini bölüşüb. Ölkəmizin Rumıniya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edən Ş.Mustafayev enerji, sənaye, nəqliyyat-tranzit, ticarət, turizm, kənd təsərrüfatı, İKT sahələrində əməkdaşlıq perspektivlərini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında 2017-ci ildə ticarət dövriyyəsi 69% artıb və Azərbaycan qeyri-neft sektorunda əlaqələrin inkişafında maraqlıdır. Rumıniya şirkətləri ölkəmizdə yaradılan sənaye parklarında investor qismində iştirak edə, Azərbaycanın nəqliyyat-tranzit infrastrukturundan (Bakı-Tbilisi-Qars, Beynəlxalq Dəniz Limanı, Cənub-Qərb marşrutu) istifadə oluna bilər. Nazir Azərbaycanın nəqliyyat-tranzit potensialının digər ölkələrin diqqət mərkəzində olduğunu və bu istiqamətdə müxtəlif təşviqedici tədbirlərin keçirildiyini vurğulayıb. Limanlararası əməkdaşlığın mümkünlüyünü qeyd edən iqtisadiyyat naziri bu ilin mayında Bakıda bu sahədə beynəlxalq tədbirin keçiriləcəyini və Rumıniyanın iştirakının da əhəmiyyətli olacağını diqqətə çatdırıb.

Rumıniyanın Baş nazirinin müavini Ana Birçall ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsini və aparılan müzakirələri yüksək qiymətləndirib, nəqliyyat, enerji, tranzit sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. A.Birçall Rumıniyanın Cənub Qaz Dəhlizinə maraq göstərdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Rumıniya hökumətləri arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın növbəti iclasının, iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti