Bakı. Trend:
Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı və Strateji Yol Xəritəsinə uyğun olaraq Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “Sabirabad rayonu birlik istehsal kooperativi” yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Yaxadəllək və Beşdəli kəndlərinin sakinlərinə ümumilikdə 1100 ha torpaq sahəsi verilib.
Kooperativdə birləşən şəxslərdən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. 680 nəfərlik kooperativdə orta hesabla adam başına 1.25 hektar torpaq sahəsi düşür.
Aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən biridir.