Bakı. Sara İsrafilbəyova - Trend:
Ölkə əhalisinin məşğulluğunda KOB sektorunun payının 40%-ə çatdırılması əsas hədəflərimiz sırasındadır.
Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "HR Summit 2018" tədbirində çıxışı zamanı deyib.
O.Məmmədov dövlət rəsmilərinin iştirakı ilə insan resursları sahəsində ixtisaslaşmış peşəkarların vahid məkanda bir araya gəlməsini ölkəmizdə bu sahənin uğurlu inkişafının göstəricisi olaraq qiymətləndirdiyini bildirib:
"Heç kimə sirr deyil ki, insan resursları amili hər bir dövlətin uğurlu inkişaf strategiyasında önəmli yer tutur. Ölkəmizdə qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində insan kapitalının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər qanunverici bazanın yaradılmasından başlayaraq bu sahədə potensialın gücləndirilməsinə istiqamətlənmiş institusional tədbirlərə kimi geniş spektri əhatə edir".
O qeyd edib ki, iİnsan kapitalının inkişafı, eyni zamanda kiçik və orta biznesin inkişafı çağırışları ilə birbaşa bağlıdır: "Ölkə əhalisinin məşğulluğunda KOB sektorunun payının 2025-ci ilə qədər 40%-ə çatdırılması əsas hədəflərimiz sırasındadır. Kiçik və orta biznesin inkişafına məsul qurum olaraq Agentlik hazırda cənab Prezidentin müəyyən etdiyi hədəflərin reallaşdırılmasına yönəldilmiş bir sıra strateji layihələr həyata keçirməkdədir. Sahibkarlıq subyektlərində kadr potensialının gücləndirilməsi bu layihələrin uğur amili kimi çıxış edir. KOB sektorunun inkişafı bir tərəfdən, yaradılmış əlverişli biznes mühiti ilə müəyyən edilirsə, digər tərəfdən, sahibkarlıq subyektlərinin bu mühitdən istifadə bacarığı ilə şərtlənir. Bu amil isə birbaşa kadr potensialının səviyyəsi ilə müəyyən edilir".
İdarə Heyətinin sədri əlavə edib ki, Agentlik bu potensialın yüksəldilməsi ilə bağlı xüsusi proqramlar həyata keçirməyə başlayıb:
"Bunlar sahibkarların maarifləndirilməsi, kadrlar üçün fasiləsiz təlim sisteminin qurulması, sertifikasiya proqramları, kadr resurs bankının yaradılması və onun təlim sistemi ilə əlaqələndirilməsini əhatə edir. Eyni zamanda, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yeni yarandığını nəzərə alaraq, qurumun kadr potensialının artırılmasında da çox maraqlıyıq. Bu məqsədlə gələcəkdə də insan resurslarının idarə edilməsi sahəsində işlərimizi təkmilləşdirməyi hədəfləyirik. Bu istiqamətlər üzrə fəaliyyətimizi professional HR mərkəzləri ilə birgə əməkdaşlıq əsasında həyata keçirməkdə xüsusi maraqlıyıq".