...

Bu il 151 fermerə 10 milyon manat məbləğində kredit verilib (FOTO)

İqtisadiyyat Materials 18 Dekabr 2018 16:16 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 2018-ci ilin yekunu ilə bağlı mediaya hesabat verib.
Bu il 151 fermerə 10 milyon manat məbləğində kredit verilib (FOTO)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 2018-ci ilin yekunu ilə bağlı mediaya hesabat verib. Trend-in məlumatına görə, Dövlət Xidmətinin rəisi Mirzə Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və qarşıda duran planlar barədə jurnalistlərə təqdimat edib.

Dövlət Xidmətinin rəisi bildirib ki, 2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib. Kredit ayrılan sahələr arasında heyvandarlıq (84) və bağçılıq (19) ilk yerləri tutub. Dövlət Xidmətinin kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı, 19 kredit ittifaqında yerləşdirilib.

Kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması üçün dəyər zəncirlərinin formalaşdırılması məqsədilə fermer və sahibkarların təklif etdikləri 17 layihə təsdiqlənib və onlardan 8-i ilə müqavilə imzalanıb.

Heyvan sağlamlığı üzrə Dövlət Xidmətinin gördüyü vacib işlərdən biri brusellyoz xəstəliyinə qarşı mübarizədir. Xəstəliklə mübarizə məqsədilə peyvəndləmə aparan baytar həkimlər vaksinlərlə, əl soyuducuları ilə, geyim və təhlükəsizlik vasitələri ilə təchiz olunublar. 2018-ci il dekabrın 1-dək 401 435 iribuynuzlu heyvan S19 vaksini ilə, 1 477 350 xırdabuynuzlu heyvan REV1 vaksini ilə peyvəndlənib. Aparılan planlı fəaliyyət nəticəsində 3-4 il ərzində bu ağır xəstəliyin Azərbaycanda aradan qaldırılması nəzərdə tutulub.

Dövlət Xidmətinin bitki sağlamlığı istiqamətində atdığı addımlar Azərbaycan üçün ilklər siyahısına düşüb. İlk dəfə olaraq, “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər” Atlası hazırlanıb, çap edilib. Atlas istər elmi, istərsə də, praktiki istifadə üçün dəyərli bir mənbədir.

İlk dəfə olaraq, 3 bitki - kartof, qarğıdalı və meyvə bağları üzrə zərərvericilərə qarşı inteqrir mübarizə təlimləri keçirilib. Ümumilikdə, 30 təlimdə 900-dən artıq fermer və mütəxəssis iştirak edib.

2018-ci ildə son 20 ildə ilk dəfə olaraq, Azərbaycan Dövlət Aqrar Universitetində “Bitki mühafizəsi” ixtisasına tələbə qəbul edilib. Qəbul edilən 30 tələbənin hamısı dövlət sifarişi ilə təhsil alır. İxtisasın bakalavr pilləsi üçün kurrikulum Dövlət Xidmətinin dəstəyi ilə hazırlanıb. Hazırda magistr və doktorantura pillələri üçün kurrikulum hazırlığı üzərində iş gedir.

Dövlət Xidmətinin aqrar sahədə kadr hazırlığına verdiyi daha bir dəstək ADAU-da tədris-təcrübə məqsədli müasir tipli ferma kompleksinin tikintisidir. “Baytarlıq təbabəti” fakültəsinin tələbələrinin praktiki biliklərə yiyələnməsi məqsədilə ötən il təhvil verilmiş 20 başlıq tövlə ilə yanaşı, 2018-ci ildə 30 başlıq daha bir ferma tikilib. Kompleks yemdoğrayan avadanlıq, sağım aparatları ilə təchiz olunub, 20 baş cins inək alınıb. Bundan başqa, kompleksdə 4 Qarabağ atı alınıb və onlar üçün də tövlə var.

Azərbaycan Kənd İnvestisiyası Layihəsinin ikinci fazasını tamamlayan Dövlət Xidməti AzKİL çərçivəsində 2200-dən artıq kiçik infrastruktur və gəlir gətirən layihə icra edib kənd icmalarının istifadəsinə verib. Layihənin növbəti mərhələsinə hazırlıq olaraq, pilot kimi Qadın İnkişaf Qruplarının yaradılmasına başlanıb. Qadınların səlahiyyətləndirilməsini və öz bizneslərini qurmasını təşviq edən bu fəaliyyət nəticəsində 7 rayonda 151 qadını özündə birləşdirən 12 qadın qrupu yaradılıb. Bu qadın qruplarının öz bizneslərini yaratmalarına dəstək vermək üçün gənclərdən ibarət 7 biznes inkubator təsis edilib.

Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi çərçivəsində Ağdaş və Yevlax rayonlarında 125 kənddə 30 mindən yuxarı təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün ikinci və üçüncü dərəcəli xətlərin bərpası və tikintisi aparılıb.

Ümumiyyətlə, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 20 layihə idarə olunub. Bu layihələrin 13-ü icra olunmaqdadır, 7-sinin isə icrasına yaxın vaxtlarda başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti