Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulu ilə bağlı tələblər sərtləşdirilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.
Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilir. Dəyişikliyə əsasən, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
Digər dəyişikliyə əsasən, əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına, yəni, əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan əlvan və qara metal tullantılarının qəbul edilməsinə, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsinə, qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.