Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası” ASC və “ADA” Universiteti arasında anlaşma Memorandumu imzalanıb.
ASC-dən Trend-ə verilən məlumata görə, sənədi universitetin icraçı prorektoru Fariz İzmayılzadə və Korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıblar.
Universitetin icraçı prorektoru F.İzmayılzadə imzalanan anlaşmanın tələbə və məzunların məşğulluq imkanları, eləcə də elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyət daşıdığını bildirib.
Korporasiyanın baş direktoru K.Nəbizadə qarşıda duran vəzifələrin həllində ixtisaslı və peşəkar kadrların çatışmazlığı əsas çətinliklərdən biri olduğunu vurğulayaraq, qeyd edib ki, imzalanan sənəd ilk növbədə istedadlı gənclərin işlə təmin olunmasına xidmət etməlidir.
İlkin olaraq bir il müddətində nəzərdə tutulan əməkdaşlıq zamanı tərəflər tələbələr arasında biznes ideyalarının yaranması, innovativ təşəbbüslərin gerçəkləşməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmaların aparılmasına dair birgə proqramlar həyata keçirəcəklər. ADA-nın elmi potensialından istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması da nəzərdə tutulur.
Mövcud iqitsadi imkanların artırılması istiqamətində işlərlə yanaşı “Azərbaycan Sənaye Korporasiyası” ASC Universitetdə fəaliyyət göstərən ixtiraçıların aşkarlanması, onların təkliflərindən Korporasiyanın üzvlərinin yararlanması üçün tədbirlər görəcək. Bundan əlavə tələbə təqaüdləri proqramlarına dəstək olmaqla tərəfdaşlar iqtisadiyyat və biznes sahəsində ən yaxşı istedadların üzə çıxarılmasını təmin edəcəklər.