...

STAR neft emalı zavodunda bütün qurğular istismara verilib (FOTO)

İqtisadiyyat Materials 29 Mart 2019 13:43 (UTC +04:00)

Bakı. Trend:

Martın 28-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri işgüzar səfər çərçivəsində Əliağa yarımadasında olub, Petkim, STAR neft emalı zavodu (NEZ), SOCAR Terminalı və şirkətə məxsus olan digər müəssisələrin cari vəziyyəti ilə tanış olub, STAR zavodu İdarə Heyətinin toplantısında iştirak ediblər.

SOCAR-dan Trend-ə verilən məlumata görə, iclasda qeyd olunub ki, zavodun tam istismar gücünə çatdırılması ilə əlaqədar istehsalat göstəricilərində ilin əvvəlinə nisbətən mühüm irəliləyiş əldə olunub. 5 ay müddətində əsas sazlama işləri uğurla tamamlanıb, zavodun bütün qurğuları istismara verilib. STAR NEZ artıq yanvar ayında “SOCAR Türkiyə”nin neft emalı-neft kimya inteqrasiyası çərçivəsində istehsal etdiyi ilk nafta məhsulunu “Petkim”ə tədarük edib, dizel və təyyarə yanacağını isə fevral ayından etibarən bazara çıxararaq Türkiyə və Azərbaycanın iqtisadiyyatına töhfələr verməyə başlayıb.

STAR NEZ ən son texnologiyalarla təchiz olunub. Sənaye 4.0 tələblərinə uyğun layihələndirilən zavodda rəqəmsallaşma infrastrukturunun təkmilləşdirilməsi üzrə işlər davam edir. İclasda STAR zavodunun rəhbərliyi qarşısında istismar dövründə əməliyyat effektivliyinin təşkili ilə bağlı konkret vəzifələr qoyulub və müvafiq tələblər müəyyən edilib.

SOCAR-ın STAR neft emalı zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı (1,6 milyon ton), nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında STAR NEZ ilə yanaşı, SOCAR-ın Petkim neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti