Bakı. Trend:
Qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi, əhali abonentlərində dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəz olunması istiqamətində intensiv işlər aparılır.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Xətai rayonu Rəşid Bağırov, Qafqaz və Nazim Şükürov küçələrində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri, yeni qaz kəmərləri çəkiməsi və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur.
Belə ki, qeyd olunan küçələr üzrə pərakəndə çəkilən qaz kəmərlərinin əsaslı təmiri və yenidənqurulması məqsədi ilə müxtəlif diametrli borularla 10 000 metrdən artıq qaz xətləri yenilənib, hazırda qaz sayğaclarının yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır.
Xətai rayonu ərazisində aparılan yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 4 500-ə yaxın təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.