...

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 26 Dekabr 2019 18:44 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkətinin nümayəndə heyətinin “Azerbaijan Digital Hub” proqramının icrası çərçivəsində 17-18 dekabr tarixində Çin Xalq Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində Çinin texnologiyalar, e-ticarət, internet və digər əlaqəli sahələrdə fəaliyyət göstərən iri holdinqi olan “Alibaba Group”un rəhbərliyi ilə görüş keçirilib, əməkdaşlıq əlaqələri müzakirə olunub.

“AzerTelecom”dan Trend-ə verilən məlumata görə, şirkətin baş direktoru Fuad Allahverdiyev və şirkətin strategiya üzrə müşaviri Azər Bayramov Çinin Hançjou şəhərində yerləşən “Alibaba Group”un Baş Ofisində şirkətin vitse-prezidenti Brayan Vonq ilə görüşdə “AzerTelecom”un icra etdiyi “Azerbaijan Digital Hub” proqramı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, proqramın məqsədi dayanıqlı infrastruktur qurmaqla Asiya ilə Avropa arasında Azərbaycandan keçəcək rəqəmsal ipək yolunu formalaşdırmaq, regional Data mərkəz qurmaq, dünyanın iri kontent provayderlərini Azərbaycanda fəaliyyət göstərməyə cəlb etmək və Azərbaycanı regional rəqəmsal mərkəzə çevirməkdir. Görüşdə icra olunan layihələr barədə məlumat verilib və qeyd edilib ki, proqram çərçivəsində Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yaxın zamanda inşa ediləcək Transxəzər Fiber Optik kabel xətləri iri həcmli məlumatların ölkəmiz vasitəsilə Şərqə daşınmasına, Asiya qitəsinin data tranzitinə olan ehtiyacının qarşılanmasına imkan verəcək.

Həmçinin “AzerTelecom” nümayəndələrinin “Alibaba Group”a daxil olan və bulud xidmətləri təqdim edən “Alibaba Cloud” şirkətinin nümayəndələri ilə də görüşü keçirilib və şirkətlərin imkanları, eləcə də əməkdaşlıq perspektivləri müzakirə edilib.

Keçirilmiş görüşlərin yekunu olaraq “AzerTelecom” və “Alibaba Group” arasında gələcək əməkdaşlıq üzrə fəaliyyət planı razılaşdırılıb. Səfər çərçivəsində həmçinin Çinin texnologiyalar və telekommunikasiya sahələrində fəaliyyət göstərən bir sıra digər şirkətləri ilə də görüşlər keçirilib.

“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti