...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

İqtisadiyyat Materials 28 Aprel 2020 16:48 (UTC +04:00)
Aprelin 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Aprelin 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, gündəliyə 4 məsələ daxil edildiyini bildirən komitə sədri Tahir Mirkişili öncə Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabat barədə məlumat verdi.

Komitədə hesabatı təqdim edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vurğuladı ki, sənəd qanunun tələblərinə uyğun hazırlanıb. Mütərəqqi təcrübə öyrənilib, hesabatda 2018-2020-ci illər üzrə qəbul edilmiş Strateji İnkişaf Planı ilə nəzərdə tutulmuş məqsədlərə dair tədbirlər, Hesablama Palatasının ötən ildəki həm nəzarət, həm də inzibati fəaliyyəti üzrə əsas nəticələr əks etdirilib.

Qeyd edildi ki, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihəsi, eləcə də dövlət büdcəsinin icrasıyla bağlı Milli Məclisdən daxil olan qanun layihələrinə dair Hesablama Palatasının verdiyi rəylərdə həm icra, həm də layihə sənədləri ciddi təhlil edilib, mümkün risklər sadalanıb, problemlər göstərilib və onların aradan qaldırılması məqsədilə tövsiyələr verilib. Həmin tövsiyələrin 19-u büdcə qanunvericiliyi, 16-sı gəlirlərin inzibatçılığı, 18-i maliyyə inzibatçılığı və hesabatlılıqla bağlı olub.

Palata sədri məlumat verdi ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. İlk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilib. Ötən il Hesablama Palatası 561 nöqsan müəyyən edib. Əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları sahələrində baş verib. Mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular da üstünlük təşkil edib.

Vüqar Gülməmmədov deputatlara həyata keçirilmiş nəzarət tədbirləri, müxtəlif büdcə və hesablara bərpa edilmiş vəsaitlər, nöqsanlara yol vermiş vəzifəli şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirləri, səmərəlilik auditləri nəticəsində aşkar olunmuş səmərəsiz xərclər və s. barədə də məlumat verdi.

Hesabat dinlənildikdən sonra komitədə müzakirələr aparıldı. Deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Əli Məsimli, Aydın Hüseynov, Məşhur Məmmədov müsbət fikirlərini bildirdilər. Təkliflərini diqqətə çatdırdılar. İclasda iştirak edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev fikirlərini bölüşdü.

Çıxışlarda hesabatın təqdimatındakı yeniliklər və mütərəqqi cəhətlər xüsusi vurğulandı. Komitə sədri Tahir Mirkişili çıxışları yekunlaşdırdıqdan sonra Hesablama Palatasının sədri müzakirədə səslənmiş təkliflərə münasibət bildirdi, suallara cavab verdi.

Yekunda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi müsbət rəylə Hesablama Palatasının 2019-cu ildəki fəaliyyətinə dair hesabatı Milli Məclisin plenar iclasına tövsiyə etdi.

Sonra komitədə gündəlikdəki növbəti məsələlərə münasibət bildirildi. Yekdil qərarla “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında”, “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun təsdiq edilməsi barədə” və “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyanın Sənaye nümunələrin mühafizəsinə dair” Protokolun təsdiq edilməsi haqqında qanun layihələri parlamentin plenar iclasına tövsiyə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti