Bakı. Elçin Mehdiyev – Trend:
Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal Azərbaycanda da müşahidə olunub və cari ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin iyul ayında ictimai iaşə dövriyyəsi ötən ilin iyul ayı ilə müqayisədə 3,7 dəfə azalıb. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 50,2 faiz azalaraq 415,3 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,0 faizi hüquqi şəxslərin, 54,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 44,2 faiz azalaraq 189,3 milyon manat olub.