Bakı. Trend:
Azərbaycanda ilk dəfə Turist Hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb. Komitə turistlərə problemlərin həllində yaxından köməklik edəcək. Turist Hüquqlarının Müdafiəsi Komitəsi Azərbaycan Turizm Assosiasiyası tərkibində fəaliyyət göstərəcək.
Trend-in məlumatına görə, komitə sədri Rəhman Quliyev müsahibəsi zamanı bildirib ki, zaman-zaman turizm sferasında qarşılaşdığımız problemlər, eləcə də turistlərin düşdüyü çətinliklər və yaranan suallar, narahatlıqlar bir çox hallarda cavabsız qalırdı. Ancaq yeni yaradılan "Turistlərin Hüquqlarnın Müdafiəsi Komitəsi" turizm şirkətlərinin mənəvi yükünü azaldacaq, eyni zamanda turistlərin problemlərinin həllini cavablandıracaq bir qurum kimi qeyri-kommersiya xarakterli olaraq hüquqi yardım göstərəcək.
Rəhman Quliyev qeyd edib ki, hazırki dövrdə minlərlə turistin problemləri hələ də öz həllini tapmayıb: "Bir komitə olaraq başlıca məqsədimiz turistlərlə turizm şirkətləri arasında yaranmış uçurumu, inamsızlıgı aradan qaldırmaqdır".
O bildirib ki, komitəyə hüquqşünaslar cəlb ediləcək və turistlərin qarşılaşdıqları problemin çevik həllində onlara hüquqi yardım göstərəcəklər: "Xüsusilə, pandemiya dövründə turistlər aviabilet, turpaketlərin ləğvi, hotellərdə yerləşdirmə kimi bir sıra problemlərlə qarşılaşdılar. Bu gün turistlərin bu kimi problemlərinin həll edilməsi ən vacib məsələdir. Elə bizim də əsas məqsədimiz odur ki, həmin problemlərin həllində turistlərə yaxından köməklik edək. Həmçinin, komitə tərəfindən mütəmadi olaraq yeni çıxan qerarlar, təlimatlar incələnəcək və turistlər anında məlumatlandırılacaq".
Qeyd edək ki, Turistlərin Hüquqlarının Mudafiəsi Komitəsinin veb saytı və qaynar xətti də yaxın vaxtlarda istifadəyə veriləcək. Səyahət zamanı hər-hansı bir problemlə üzləşən turistlər elektron şəkildə öz müraciətlərini veb sayt vasitəsilə də edə bilərlər.