...

Fermerlər üçün xüsusi təyinatlı mikrokredit paketləri istifadəyə verilib

İqtisadiyyat Materials 6 Noyabr 2020 11:36 (UTC +04:00)
Fermerlər üçün xüsusi təyinatlı mikrokredit paketləri istifadəyə verilib

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlər üçün yeni mikrokredit paketləri hazırlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu mikrokreditlər aqrotexniki qulluq, gübrə alışı, yem tədarükü və alışı üçün nəzərdə tutulub. Mikrokreditlər 15 min manatadək, 1 il müddətinə və 12 faizlə verilir.

Aqrotexniki qulluq və gübrə alışı üçün nəzərdə tutulan kreditlərin güzəşt müddəti 7 aydır və bu müddətdə fermer yalnız faizləri geri ödəyir. Məhsul yığımı zamanı kreditin əsas məbləğinin yarısı birdəfəlik ödəniş kimi edilir. Növbəti 5 ayda isə qalan məbləğ və faizlər bərabər hissələrə bölünməklə geri qaytarılır.

Heyvandarların yem tədarükü və yem alışı üçün nəzərdə tutulmuş mikrokreditlərin güzəşt müddəti 6 aydır. Güzəşt müddətində yalnız kredit faizlərini ödəyən heyvan sahibi 6 aydan sonra kreditin əsas məbləğinin yarısını geri qaytarır. Növbəti 6 ayda isə qalan məbləğ və faizləri bərabər hissələrlə ödəyir.

Aqrotexniki qulluq və gübrə mikrokreditlərini əldə etmək üçün fermerlərdən şəxsiyyəti təsdiq edən sənəd, EKTİS-də (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) qeydiyyat, torpaq sənədi və müvafiq təchizatçı ilə müqavilə tələb olunur. Yem krediti üçün üçün müraciət edən heyvandardan şəxsiyyəti təsdiq edən sənəd, EKTİS-də qeydiyyat və yem təchizatçısı ilə müqavilə istəniləcək.

Yeni mikrokredit məhsullarından hər hansı birini əldə etmək üçün fermerlər AKİA-nın mikrokreditləşmədə ixtisaslaşmış müvəkkil kredit təşkilatlarından birinə (Access Bank, Unibank, Bank of Baku, Yelo Bank, Bank Respublika) müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti