...

Zərgərlik sahəsində müzakirələr aparılıb (FOTO)

İqtisadiyyat Materials 21 May 2021 14:17 (UTC +04:00)
Zərgərlik sahəsində müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanda zərgərlik sahəsində böyük potensial və zəngin zərgərlik ənənələri mövcuddur. Beynəlxalq təcrübədən geniş istifadə, stimullaşdırıcı tədbirlərin, şəffaf tənzimləmə siyasətinin həyata keçirilməsi, zərgərlik ənənələrinin bərpası bu sahənin qeyri-neft sektorunda rolunu daha da artıracaqdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, mayın 21-də “Zərgərlik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusunda biznes forum keçirilib. KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, KOBİA-nın dəstəyi və Azərbaycan Zərgərlər Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş tədbirdə zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlar və müvafiq dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, AZPROMO, Dövlət Gömrük Komitəsi, “AzerGold” QSC-nin nümayəndələri iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov qeyd edib ki, forum zərgərlik sahəsinin inkişafı üçün dövlət-biznes dialoqunun aparılması, zərgərlik bazarının inkişaf etdirilməsi imkanlarının və bazar iştirakçılarının rəqabətədavamlı fəaliyyətinə təsir edən amillərin müzakirə olunması, sahibkarların təkliflərinin aidiyyəti qurumlara çatdırılması məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov zərgərlik sektorunda həyata keçirilən islahatlar barədə məlumat verərək, bu sahədə cari ilin əvvəlindən tətbiq olunan vergi güzəştlərini, zərgərlik sənayesində islahatların aparılması üçün təkliflərin hazırlanması üzrə işçi qrupunun və dövlət dəstəyi ilə zərgərlər assosiasiyasının yaradılmasını qeyd edib. Forumun zərgərlik sahəsində aparılan islahatlar barədə sahibkarlarda dolğun təsəvvürün yaranmasında, sektorda baş verən dəyişikliklərin effektivliyinin qiymətləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov başçılıq etdiyi qurumun yerli sənayenin vacib sahələrindən olan zərgərliyin inkişaf etdirilməsi ilə bağlı layihələrdə fəal iştirak etdiyini qeyd edərək, cəmiyyətin zərgərlik sənayesinin inkişafına yönələn təşəbbüsləri və mövcud problemlərin aradan qaldırılmasına dair təkliflərindən danışıb. Müvafiq sahədə aparılan islahatların zərgərlik sahəsində nəzərəçarpacaq inkişafa səbəb olacağına indandığını bildirən Z.İbrahimov “AzerGold”un dövlət şirkəti olaraq qiymətli metalların xammal tədarükçüsü kimi də zərgərlik sənayesinin inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva cari ilin əvvəlində Vergi Məcəlləsinə zəgərlik fəaliyyəti ilə bağlı edilmiş dəyişikliklər və vergi güzəştləri barədə təqdimatla çıxış edib.

Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev çıxışında zərgərlik sənayesinin mövcud vəziyyəti və sektorun gözləntiləri barədə məlumat verib.

Tədbir çərçivəsində Azərbaycanda zərgərlik fəaliyyəti, yerli zərgərlik məhsullarının istehsalı, sahibkarların çətinlikləri və sektorla bağlı gözləntilərə dair müzakirələr aparılıb, sahənin inkişafı üçün müxtəlif təkliflər səsləndirilib, müvafiq qurumlar tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir pandemiya şəraiti ilə bağlı müvafiq qaydalara uyğun olaraq təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti