Bakı. Trend:
İqtisadi siyasətdə yeni paradiqma olan "Produktivizm" (productivism) dünyada indiyə qədər iqtisadi siyasətdə əsas tendensiya olan neoliberalizmi əvəz etməkdədir. Produktivizm neoliberalizmdən fərqli olaraq bazar mexanizmlərinə az inanır, iri korporasiyalara şübhə ilə yanaşır və istehsal və investisiyanı maliyyədən, yerli bazarların canlandırılmasını isə qloballaşmadan üstün tutur. O, bütün regionlarda və işçi qüvvəsinin bütün seqmentlərində istehsal imkanlarının yayılmasında hökumətə və vətəndaş cəmiyyətinə daha vacib rol ayırır.
Produktivizm ümumi rifah üçün keynsçilik dövlətindən uzaqlaşaraq, gəlirlərin yenidın bölgüsünə, sosial ödənişlərə və makroiqtisadi idarəetməyə diqqəti azaldaraq, hamı üçün yaxşı iş yerlərinin yaradılmasına səbəb olan təklifin dəstəklənməsinə konsentrasiya olunmağı vacib sayır. Produktivizm texnokratlara skeptik, iqtisadi populizmə isə loyal yanaşır.
Yeni iqtisadi paradiqma hakim qüvvəyə çevrilməkdədir. İndiki
siyasi qütbləşmə şəraitində bu bəlkə də o qədər real görünmür. Amma
tarix göstərir ki, neoliberalizmin zəifləməsindən sonra yaranan
vakkum bütün siyasi spektrdə dəstəklənən yeni iqtisadi paradiqma
ilə dolacaqdır. Və bu dəyişikliyin əlamətləri artıq görsənir...
Məsələn, dünyanın əsas iqtisadi gücü olan ABŞ yeni iş yerlərinin
yaradılmasını stimullaşdırmaq və daxili təhcizat zəncirlərinin
bərpa etmək üçün yeni sənaye siyasəti qəbul etmişdir. ABŞ
administrasiyasının ən yüksək vəzifəli iqtisadçısı olan maliyyə
naziri "friendshoring"in (müttəfiqlər arasında təhcizatçıların
axtarışı) üstünlüyünü elan etməsi dünyada iqtisadi siyasətdə yeni
bir dövrün başlandığını deməyə əsas verməkdədir. Bu yanaşmalar
"azad bazar" prinsiplərindən uzaqlaşmaq anlamına gəlməkdədir.
Azərbaycanın iqtisadi siyasətində dünyada ən yeni paradiqma olan produktivizmin bir çox elementləri özünü biruzə verməkdədir. Xüsusilə də, yerli bazarların canlandırılması, investisiyaların təşviqi, yeni iş yerlərinin açılmasının stimullaşdırılması, qloballaşmanın mənfi təsirlərinin neytrallaşdırılması produktivizm siyasətinin əlamətlərindəndir. Amma eyni zamanda milli gəlirin yenidən bölüşdürülməsi, sosial ödənişlərin artırılması siyasəti də dövlət başçısı cənab İlham Əliyevin siyasətinin mərkəzində insan amilinin durmasına əsaslanır. Bu isə insanları qorumaqla rəqabətqabiliyyətli iqtisadi modelin formalaşdırılması siyasəti tərifinə uyğundur. Azərbaycanın yeritdiyi insan amilinə əsaslanan iqtisadi siyasət dünyada daha çox dövlət tərəfindən xərc tələb edən iqtisadi siyasət sayılır. Amma gələcək iqtisadiyyatın ağıllı insan amili üzərində qurulduğunu nəzərə alsaq çəkilən xərclərin özünü doğrultması şübhəsizdir.
Tahir Mirkişili,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri